Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya hücum cəhdinin qarşısı alındığını bildirib.
Nazirlikdən verilən açıqlamada, “Yerli vaxtla saat 07.30-da Kiyev rejiminin pilotsuz uçuş aparatlarından istifadə edərək terror aktı törətmək cəhdinin qarşısı alınıb” deyilir.
Açıqlamada hava hücumundan müdafiə sistemlərinin hücumu dayandırdığı, Ukraynaya məxsus PUA-nın Moskva vilayətinin Podolsk şəhəri yaxınlığında məhv edildiyi bildirilib.
Moskva meri Sergey Sobyanin sosial media hesabından verdiyi açıqlamada, Podolsk şəhəri ətrafında Rusiya hava hücumundan müdafiə sistemlərinin Moskvaya doğru uçan İHA-nın hücumunu dəf etdiyinə dair məlumatı paylaşaraq, “İlkin məlumatlara görə, hər hansı dağıntı və ya itki yoxdur. Mütəxəssislər hadisə yerində işlərini davam etdirir" dedi.