USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçrə Ukrayna Sülh Konfransında 90 ölkə və təşkilatın iştirak edəcəyini açıqlayıb

10.06.2024 Siyasət
0 0
İsveçrə Konfederasiyasının prezidenti Viola Amherd iyunun 15-16-da keçiriləcək Ukrayna Sülh Konfransında 90 ölkə və təşkilatın iştirak edəcəyini açıqlayıb.

Amherd və xarici işlər naziri İqnazio Kassis paytaxt Berndə keçirilən konfransla bağlı mətbuat konfransı keçiriblər.

90 ölkə və təşkilatın konfransda iştirak edəcəklərini təsdiqlədiyini qeyd edən Amherd, iştirakçı dövlətlərin təxminən yarısının Avropadan olduğunu bildirib.

"İştirakçı ölkələrin yarısı ən yüksək səviyyədə dövlət başçısı, qalanları isə nazirlər səviyyəsində təmsil olunacaq", - Amherd deyib.

Geniş şəkildə dəstəklənən bir prosesin başlanması üçün mümkün qədər geniş iştirakın vacibliyinə diqqət çəkən Amherd, "Bu qədər dövlətin bu cür yüksək səviyyəli nümayəndə heyətləri göndərməsi, geniş şəkildə dəstəklənən bir prosesi başlatmağın doğru olduğunu göstərir" dedi.

Sualın cavabında Amherd Türkiyənin konfransda iştirakını təsdiqlədiyini bildirib və qeyd edib ki, Braziliya və Cənubi Afrikadan hələlik rəsmi təsdiq alınmayıb.

Nazir Kassis onu da bildirib ki, konfransda Ukraynadakı vəziyyətlə yanaşı, dünyada mövcud olan problemlər, o cümlədən hərbi əsirlərin vəziyyəti, nüvə təhlükələri və ərzaq təhlükəsizliyi də ətraflı müzakirə olunacaq:

"Biz həmişə Rusiyanı bu konfransa dəvət etməyə açıq olmuşuq, lakin Moskva bir neçə dəfə açıq şəkildə bildirib ki, görüşdə iştirak etməkdə maraqlı deyil".

Konfransda Rusiya-Ukrayna müharibəsi üçün davamlı sülhün tapılması yolları müzakirə olunacaq

15-16 iyun tarixlərində İsveçrənin Nidvalden kantonunun Bürgenstok qəsəbəsində keçiriləcək Ukrayna Sülh Konfransında Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevral ayından bəri davam edən müharibə üçün beynəlxalq hüquqa əsaslanan daimi sülhün əldə edilməsi yolları müzakirə olunacaq.

İsveçrə rəsmiləri bildirirlər ki, konfransın məqsədi gələcəkdə Rusiyanı da əhatə etmək və davamlı sülh danışıqlarının əsasını qoymaqdır.