Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyinin ölkə üzrə direktoru Aleksandr Tirelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kommersant.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi və maliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, eləcə də cari ilin aprel ayında iki ölkə arasında London şəhərində keçirilmiş Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının Protokolunda nəzərdə tutulan müddəaların icrası müzakirə edilib.
Görüş zamanı investisiyaların təşviqi, vergi və gömrük sahəsində əməkdaşlıq, kənd təsərrüfatı və qida təhlükəsizliyi üzrə qabaqcıl texnologiyaların tətbiqi, o cümlədən biznes dairələri arasında daha sıx əlaqələrin qurulması imkanları diqqət mərkəzində olub. Həmçinin, rəqəmsal transformasiya, maliyyə texnologiyaları və peşəkar xidmətlər sahəsində təcrübə mübadiləsi məsələlərinə toxunulub.
Anar Kərimov qeyd edib ki, iqtisadi modernləşdirmə və şaxələndirmə Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri sırasındadır və Böyük Britaniya ilə bu sahədə əməkdaşlıq ölkənin yeni çağırışlara uyğunlaşmasına əlavə imkanlar yaradır.
Öz növbəsində, Aleksandr Tirel birgə layihələr və təşəbbüslərin vacibliyini vurğulayaraq ikitərəfli münasibətlərin inkişafında Hökumətlərarası Komissiyanın mühüm rolunu qeyd edib.
Görüşdə gələcək tərəfdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.