USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daxili İşlər Nazirliyi yoxsa....

04.11.2025 Siyasət
0 0
Daxili İşlər Nazirliyi mənə görə eyni zamanda "Sosial Media İşlər Nazirliyidir". Bəzən isə sadəcə SMİN olaraq görünür. Niyə? Çünki, sözügedən dövlət qurumunu sosial mediada daha aktiv hesab edirəm. Məsələn, sosial mediada yayılan hərhansı məsələ DİN tərəfindən dərhal nəzarətə alınır və tədbir görülür. Amma vay o hala ki, nazirliyə bir şikayətin ola. Bu məsələyə uzun-uzadı baxılacaq, həftələr və hətta aylarla məsələ müzakirə olunacaq, vətəndaş bir neçə ay ərzində azı 50 dəfə şikayətinin dalınca qaçacaq və s.

Bu sözlər əbəs yerə deyil. Bu, birbaşa mənim başıma gəlmiş hadisədir. 8 aydır sözügedən qurumla arada olan anlaşılmazlığı həll edə bilmirəm. Əslində anlaşılmazlıqdır da demək olmaz. Düşünürəm ki, bu, birbaşa qərəzdir. 07.03.2025 tarixində şəxsimə məxsus 99-H-753 dövlət qeydiyyat nişamlı "YAMAHA R15" markalı maotosiklimə cərimə tətbiq olunub. Özü də Sumqayıt şəhərində. Hansı ki, o şəhərə axrıncı dəfə nə vaxt getdiyim yadımda belə deyil. Sözügedən nəqliyyat vasitəsi də həvəs naminə alınıb və ancaq öz həyətimdə idarə olunub. Yəni, asfalt üzü görməyib. Daha ətraflı izah etmək üçün aşağıya şəkillər əlavə edirəm.

Şəkillərdən də göründüyü kimi "Azsamand" markalı 99-MH-753 dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşaraq 50 AZN məbləğində cərimə edilib. Daha sonra bu cərimə mənim nəqliyyatıma qeyd olunub. Deyə bilərik ki, bu bir texniki xətadır. Axı bu hadisə ilk dəfə deyil. Bu texniki nasazlıq barədə sözügedən quruma dəfələrlə məlumat verilib axı. O zaman sual olunur ki, niyə hələ də bu məsələ öz həllini tapmayıb? Bax bu suala DİN-dən başqa heç kim cavab verə bilməz. Hətta düşünürəm ki, onların özləri də bu suala cavab verməkdə çətinlik çəkərlər.

Buna oxşar hadisə ilk dəfə yaşananda Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru Toğrul Nəsirliyə məlumat vermişdim. Buna oxşar hadisəni ilk dəfə yaşayanda T.Nəsirli "texniki xəta olub, həll olar" sözünə inanmışdım. Ta ki, bu sözün həyata keçməyib, problem həllini tapmayana qədər. Aylar ərzində dəfələrlə T.Nəsirli ilə əlaqə yaratdıqdan sonra "qardaş, gir, rəsmi internet saytımızdan məktub yaz, məsələyə baxılar" cavabını eşidənədək. Əlqərəz, məktub yazıldıqdan bir müddət sonra "yalançı cərimə" şəxsi "ASANpay" kabinetimdən silindi. Daha sonra isə ikinci süpriz oldu. Təkrar eyni məsələ, təkrar kiminsə cəriməsi mənim şəxsi kabinetimdə görünür. Axı niyə? Bunun qərəz olmadığını düşünməkdən başqa əlimdən bir şey gəlmir. Təkrar T.Nəsirli ilə əlaqə yaratmağa cəhdlər göstərdim. Gah telefonlara cavab vermədi, gah "mənə "Whatsapp"da protokol nömrəsini at, baxaram" sözləri adamı hövsələdən çıxarırdı. Sanki, mənim bu qardaşa işim düşüb, onun xahişini edirəm. Əslində bu qurumdan haqqını tələb etmək elə xahiş etməklə eyni ölçülür. Ən azından mən belə düşünürəm. T.Nəsirli ilə aylar keçən mübarizədən sonra (Bəli, bu prosesi mübarizə adlandırmaq olar. Çünki, sözügedən şəxsin telefonlara cavab verməsi, necə deyərlə insanı "yola verməsi" qarşı tərəf üçün mübarizədir.) "qardaş Sumqayıta biz baxmırıq, Rüspublika Baş Dövlət Yol Polis İdarəsinə zəng elə" cavabını aldım. Məsələ burasıdır ki, onlar da mənə "gir "facebook"dan bizim nazirliyin səhifəsinə yaz" dedilər. O səhifədən də mənə e-xidmet.mia.gov.az saytına girib məktub yazmağı tövsiyyə olundu. Olsun, onu da edərik deyib məktubu yazdım. Məsələ burasıdır ki, bu da həll yolu olmadı. Nəticədə 8 aydır "ASANpay" kabinetimdə yuxarıda əlavə etdiyim şəkildə də göründüyü kimi başqasına məxsus cərimə var. Hətta 50 AZN dəyərində olan cəriməyə dəbbə pulu da hesablayıb borcumu 80 AZN ediblər. Buradan rəsmi şəkildə bildirirəm ki, üzrlü sayın hörmətli DİN sizə olan borcumu hələ də ödəməmişəm.

Bütün bunların təsadüf olmadığını düşündürən daha bir məsələ də var. Hansı ki, 29.06.2025 tarixində Məhəmməd Hadi küçəsində (köməkçi yolda) yol nəqliyyat hadisəsi baş vermişdi. "VAZ 2106" markalı avtomobil idarə etdiyim "Mercedes" markalı 99-MV-555 nömrəli maşına toxunaraq qəzaya səbəb olmuşdu. Nəticədə məcburi dayanma edərək 102 zəng edib hadisə yerinə Yol Patrul İnspektoru dəvət etdim. Nə etməz olaydım, nə də saxlamaz.

Xətai r-nu Yol Polis İdarəsində (XRYPİ) polis mayoru Polad tərəfindən hadisəyə baxılaraq hüquqi qiymət verildi. Bəli, qarşı tərəf günahkar idi. Bəs mənim günahım nə idi? 2 saata yaxın yol polisi gözləyən mənə lazım idi, hadisə yerində məcburi parklanma? Sözügedən dövlət qurumuna o parklanma cəriməsini izah edənədək adam dəridən qabıqdan çıxır axı. "Nəhlət şeytana" deyərək bu səfər heç kimə zəng etmədən şansımı birdaha yoxlayaraq DİN-ə 29.08.2025 tarixində təkrar məktub yazdım. O gün bu gündür ki, DİN rəsmi şəkildə "icraya göndərildi" deyir, amma nə hikmətdirsə 3 aydır icra edə bilmir.

Sosial şəbəkələrdə baş verənlərə verdiyiniz operativ cavablar alqışa layiqdir. Heç olmasa öz şəbəkənizə də arada göz atın. Bəlkə oradakı məktubda "kimsə məni öldürmək istəyir, kömək edin" yazmışam. Ona da 3ay ərzində baxmasaz, artıq gec olmuş ola bilər. Uzun sözün qısası, görünən odur ki, DİN öz səhvini qəbul etmir və bu səhvlərini də nəinki düzəltmək, heç baxmaq belə istəmir. Mən də etmə tənbəllik DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Haciyevə zəng etdim. Əlbəttə, o da telefonlara cavab vermədi. Yəqin elə düşünürlər ki, onlara nəsə işim düşüb ona görə yığıram. Amma adama deyərlər ki, ay qardaş, birdən ikiyə mənim sənə nə vaxtsa işim düşüb? Ya nə vaxtsa sənə zəng edib baş ağrı vermişəm? Əksinə sizin mənə işiniz düşüb, həll etmişəm. Amma bundan sonra tövbə! Əslində günah məndədir ki, 8 aydır baxılmayan məsələyə görə niyə susursan? Madam sözügedən nazirlik sosial mediaya operativ cavab verir burax sosial mediaya məsələ öz həllini tapsın. Bəlkə o zaman mənə olan qərəz də aradan qalxar. Bu qədər təsadüfün olmasına inanmadığım üçün bunu qərəz adlandırmaqdan başqa variantım yoxdur. Bu qərəzli "futbolda" isə ilk topu DİN atdı. Öz aramızda, mən də pis "futbolçu" deyiləm. Hazırda 0:0 olan bu oyunda böyüküstünlük əldə edib çox da gözəl qollar atmağı özümə borc bildim.