USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL müharibə zonasına səfərləri niyə təbliğ edir? - FOTO

02.03.2026 Siyasət
0 0
İran Amerika qarşıdurmasının yaşandığı dönəmdə Azərbaycan hökumətinin nazirlik və idarəsində olan dövlət şirkətləri maraqlı addımlar atır. Məsələn, İranda internet və telefon rabitəsinin qadağan olunduğu elan edilsə də, Xarici İşlər Nazirliyi (qısaca – XİN) press-reliz yayaraq vətəndaşlarımızın səfirliyə zəng etməsinə çağırış edib. Bu çağırışı da Azərbaycanda hökumət yönümlü internet mediası vasitəsilə həyata keçirib. Hansı ki, bu media növü də demək olar ki, ənənəvi medianın yerini alıb və insanlar tərəfindən az oxunur. Bakı şəhərində sorğu aparsaq ki, "İnformasiya məlumatlarını haradan əldə edirsiniz?" Hər kəs tək nəfəsdə "sosial media" deyəcək. Hökumət tərəfindən maliyyələşən mediamız isə bu kimi çağırış relizlərini sosial mediasında paylaşmayıb. Heç bunun üçün tapşırıq da verilməyib. Hökumətin verdiyi tezislər nə qədər vacib hesab edilərək manşet kimi boy-boy paylaşılrsa, bu çağırış da o qədər paylaşılmalı və vətəndaşlarımıza kömək edilməli idi.

Bundan başqa hökumətin idarəsində olan AZAL kimi dövlət şirkətləri də ağlasığmaz addımlar atıb. Məsələn, İran tərəfindən Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, İordaniya, Əbu-Dabidə ölkələri hədəf alınıb. Bizim AZAL isə Dubaya uçuşların qiymətində endirim etdiyini elan edir. Başa düşürük ki, bu təklif ölkələr arasında qarşıdurmadan əvvəl həyata keçirilib. Bu, anlaşılandır. Amma faktiki vəziyyətdə hələ də bu kampaniyanın reklamının davam etdirilməsi birmənalı qarşılanmaya bilər. Hazırki vəziyyətə istinadən deyə bilərik ki, AZAL Dubay uçuşlarının təbliğini, təşviqini və reklamını edir. Buna görə də aparılan reklam kampaniyası dövlət şirkəti tərəfindən dayandırılmalı idi. Başadüşülən odur ki, AZAL öz gəlirini bəzi məsələlərdən daha üstün tutur. Axı niyə?! Ölkə sərhədlərinin illərdir bağlı olması şirkətin gəlirlərinə müsbət təsir etmir? Bu kimi ritorik sualları çox vermək olar. Amma bilirik ki, mənsası da yoxdur.

Bu yazı bizim AZAL və ya XİN-ə qarşı düşüncələrimizdən irəli gəlmir. Düşünürük ki, hər bir tənqid qarşı tərəfi daha da düzgün işləməyə təşviq edir. "İnsan sevmədiyi heç nəyi tənqid etmir" prinsipinə əsaslanan bu yazıda dövlətin qurum və şirkətlərinin daha da məsuliyyətli işləyəcəyini güman edirik.