USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranın hücum aktları cavabsız qalmayacaq - Müdafiə Nazirliyi

05.03.2026 Siyasət
0 0
5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.

"Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq" - deyə Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.