“Bank of Baku” (qısaca - BOB) 2023-cü ilin ilk rübündə xalis mənfəətini 74.12 faiz azaldaraq başlayıb. Bankın əməliyyat mənfəəti isə ötən ilin son rübü ilə müqayisədə 76.6 faiz azalıb.
Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, BOB-un cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 34 milyon 898 min manat və ya 5 faiz artaraq 736 milyon 129 min manata yüksəlib. Bu artımda kredit portfelinin payı 17.03 faiz olub. Bankın istehlak kreditləri 5 milyon 756 min manat artaraq 403 milyon 859 min manata yüksəlib. Biznes kreditləri isə 1 milyon 509 min manat və ya 0.97 faiz azalaraq 153 milyon 166 min manata düşüb. BOB-un verdiyi ipoteka kreditləri isə 1 milyon 811 min manat artaraq 26 milyon 536 min manata bərabərləşib. Nəticədə bankın kredit portfeli 6 milyon 55 min manat artaraq 583 milyon 589 min manata yüksəlib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 945 min manat azaldan BOB-un xalis kreditləri 522 milyon 535 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 8 milyon manat çoxdur.
BOB BİZNESMEN MÜŞTƏRİLƏRİNİ İTİRİB
BOB-un öhdəliklər cəmi 25 milyon 257 min manat artaraq 603 milyon 627 min manata yüksəlib. Bu artımın əsas səbəbi bankın depozit portfelinin artmasıdır. Fiziki şəxslərin banka yerləşdirdiyi əmanətlərin həcmi 35 milyon 116 min manat və ya 10.64 faiz artaraq 365 milyon 135 min manata yüksəlib. Buna baxmayaraq BOB biznesmen müştərilərinin əmanətlərini əlində saxlaya bilməyib. Belə ki, bankın hüquqi şəxslərdən topladığı depozitlər 26 milyon 142 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 9 milyon 371 min manat və ya 26.39 faiz azdır.
CƏMİ KAPİTALI ARTIB
Bölüşdürülməmiş mənfəətini 9 milyon 607 min manat artıraraq 70 milyon 817 min manata yüksəldən BOB-un ümumi ehtiyatları cəmi 34 min manat artaraq 8 milyon 814 min manata yüksəlib. Səhmdar kapitalında dəyişiklik etmədiyi üçün bankın kapital cəmi 132 milyon 501 min manat olub. Bu isə ötən ilin sonu ilə müqayisədə 9 milyon 641 min manat və ya 7.84 faiz çoxdur.
MƏNFƏƏTİ ƏRİYİB
BOB-un faiz gəliri 70 milyon 405 min manat azalaraq 29 milyon 665 min manat, faiz xərcləri isə 14 milyon 181 min manat azalaraq 8 milyon 724 min manata enib. Buna görə də bankn xalis faiz gəliri 56 milyon 225 min manat azalaraq 20 milyon 940 min manata düşüb.
Qeyri-faiz gəliri 9 milyon 613 min manat azlaraq 2 milyon 190 min manata, qeyri-faiz xərcləri isə 39 milyon 718 min manat azalaraq 15 milyon 153 min manata enib. Nəticədə bankın əməliyyat mənfəəti 26 milyon 120 min manat azalaraq 7 milyon 977 min manata düşüb.
BOB-un xalis mənfəəti 27 milyon 327 min manat azalaraq 9 milyon 538 min manata bərabərləşib.
Bankın məcmu kapitalı isə ötən ilin sonu ilə müqayisədə 6 milyon 371 min manat artaraq 133 milyon 977 min manat yüksəlib.
Qeyd edək ki, BOB-un aktivlərinin gəlirliyi (ROA) 1.29 faiz, kapitalının gəlirliyi (ROE) isə 7.19 faiz təşkil edib.