Zirzəmidə fəaliyyət göstərən heyvanxanadan - VİDEO REPORTAJ

30.07.2018 SOSial
Üfunətin içəridən çölə doğru yayıldığı həmin ərazidə dünyanın müxtəlif ölkələrindən gətirilmiş 40-a yaxın heyvan növü var.

Nərimanov rayonu T.Şıxəliyev küçəsində 16 mərtəbəli binanın zirzəmisində heyvanxana fəaliyyət göstərir.

"Kommersant.az" xəbər verir ki, "Madagascar" adlanan bu mini zooparkı lentə almaq istəyən çəkiliş qrupumuz təzyiqlə qarşılaşıb. Özünü obyektin əməkdaşı kimi (təmizlikçi) təqdim edən xanım, çəkilişə etiraz etsə də, sonradan fikrindən daşınıb. Belə ki, o müxbiri digər saytın müxbiri ilə səhv saldığına görə aqressiv davrandığını bəhanə gətirib. Daha sonra isə bizə açıqlama vermək istəyən Rauf adlı əməkdaşı isə fikrindən daşındırıb.

Üfunətin içəridən çölə doğru yayıldığı həmin ərazidə dünyanın müxtəlif ölkələrindən gətirilmiş 40-a yaxın heyvan növü var. Obyekt işçilərindən öyrəndik ki, heyvanların təxminən 80%-i Rusiyadan, digər hissəsi isə Amerika və Afrika qitələrindən gətirilib. 2 meymun isə gecə saatlarında məsuliyyətsizlik nəticəsində oradan qaçıb. Meymunların qiymətinin 5000 manata yaxın olduğu bildirilir. Mini zooparka giriş uşaqlar və böyüklər üçün eyni qiymətə, yəni 5 manatdır. Obyekt saat 11-dən 19:00-a qədər işləyir. Ora baş çəkənlər arasında turistlər də var. Ancaq elə günlər olur ki, heyvanlar qonaq üzünə həsrət qalırlar. Zooparkda çay və ya kofe isə pulsuz təklif olunur.

Bütün bu məlumatları isə heyvanxananın əməkdaşı Rauf bəy ilə söhbət zamanı əldə etdik.

Qeyd edək ki, 80 ildən artıq fəaliyyətdə olan Bakı Zooloji Parkı "Madagascar"la müqayisədə daha böyük, 4,25 hektar əraziyə və 1240 heyvana malikdir. Zooparka giriş haqqı azyaşlı uşaqlar üçün pulsuz, orta yaşlı uşaqlar üçün 1 manat, böyüklər üçün isə 1 manat 50 qəpik nəzərdə tutulub.

Bəs görəsən, aidiyyatı qurumlar paytaxtın mərkəzində 1 ilə yaxındır ki, fəaliyyət göstərən bu darısqal heyvanxananın mövcudluğundan xəbərdardırlarmı?

"Belə halla ilk dəfədir ki, rastlaşıram".

Bunu redaksiyamıza açıqlamasında Nərimanov rayonu Gigiyena Epidemiologiya Mərkəzinin direktor müavini Mövsüm Fərruxov deyib. Onun sözlərinə görə, bu tip fəaliyyətə ilk növbədə Mənzil Kommunal Təsərrüfat Birliyi və hüquq mühafizə orqanları baxmalıdır:

"Əgər ora sahibkarlıq subyektidirsə, həmin subyektlərin yoxlanılması qanuna uyğun şəkildə dayandırılıb. Biz yalnız Mənzil Kommunal Təsərrüfat Birliyinə deyə bilərik ki, orada səliqə-səhman yaradın. Amma oranın sahibi kimdir, kimlə razılaşdırılıb, obyekt nəyə əsasən fəaliyyət göstərir - bu, müəmmalıdır. Belə fəaliyyətə biz razılıq vermirik. Onların ən azından Mənzil Kommunal Təsərrüfat Birliyi ilə müqaviləsi olmalıdır ki, orada təmizlik işləri aparılsın, yaranan məişət tullantları daşınsın. Profilaktika, dezinfeksiya şöbələri ilə də müqavilə olmalıdır. Mənzil Kommunal Təsərrüfat Birliyilə məsələ ilə bağlı maraqlanarıq".

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov isə "Kommersant.az"a açıqlamasında bildirib ki, məsələ ilə bağlı Bakı şəhər Baytarlıq İdarəsi ilə əlaqə saxlayıblar:

"İdarədən bildirdilər ki, Bakı şəhər Baytarlıq İdarəsində elə bir qurum qeydiyyatda deyil. Bu barədə ilk dəfədir ki, eşidirəm. Məsələni aydınlaşdıracağıq. Nəzarət sistemi artıq bizdə deyil. Buna 1 iyuldan etibarən Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Sanitar vəziyyətin, baytarlıq sanitar qaydaların pozulması məsələlərinə onlar baxır. Bizim qurum ancaq heyvanların sağlamlığına nəzarəti, aparılan profilaktik tədbirləri yerinə yetirir".

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev isə məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirdi ki, məlumat baxılması üçün aidiyyatı şəxslərə göndərilib:

"Nəticə haqda məlumat veriləcək".

Video-materialı izləyək: