Azərbaycandakı böyük obyektlərə vaxt verildi

16.02.2019 İqtisadiyyat
Bu il iyulun 1-dək Bakıdakı “Mall” tipli iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri, ixtisaslaşmış avtomobil satışı obyektləri və şadlıq evləri real vaxt rejimində Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmalıdır.

"Kommersant.az" xəbər verir ki, bu gün Nazirlər Kabineti bununla bağlı “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ni təsdiqləyib.

Qrafikə əsasən, paytaxtdakı mebel satışı üzrə ixtisaslaşmış müəssisələr bu il oktyabrın 1-nə qədər, pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyiciləri gələn il yanvarın 1-nə qədər, eyni fəaliyyəti göstərən digər təsərrüfat subyektləri isə 2021-ci il aprelin 1-nədək nəzarət-kassa aparatları quraşdırmalıdır.

Bakıdan kənarda yerləşən vergiödəyiciləri üçün isə real vaxt rejimində işləyən kassa aparatlarının tətbiqi müddəti daha uzundur. Məsələn, rayonlardakı “Mall”ların, avtomobil və mebel salonlarının, şadlıq evlərinin elektron informasiya sisteminə qoşulması üçün bu il oktyabrın 1-nə qədər vaxt verilib. Gəncə və Sumqayıtda yerləşən şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələri isə Bakıdakı kimi bu il iyulun 1-nə qədər sistemə qoşulmalıdır.

Bundan başqa, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərən sahibkarlara 2021-ci il aprelin 1-nə qədər, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad və Naftalanda (kənd və qəsəbələr istisna olmaqla) 2021-ci il oktyabrın 1-nə qədər, digər rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2022-ci il yanvarın 1-nə qədər, bütün kənd və qəsəbələrdə isə 2023-cü il yanvarın 1-nə qədər vaxt verilib.

Qeyd edək ki, real vaxt rejimində işləyən kassa aparatına qəbz vurulan zaman göstəricilər həmin vaxtda Vergilər Nazirliyinin bazasında görünür.

Oxu.az