"Azərbaycanda ictimaiyyətə açıq kadastr sisteminin formalaşacağına inanmıram" - EKSPERT

01.08.2018 İqtisadiyyat
Ölkədə elektron kadastr uçotu işlərinin aparılması ilə dəqiqləşmiş torpaq sahibliyi müəyyən ediləcək.

"Kommersant.az" xəbər verir ki, bununla da, bütün növ torpaq sahələrinin hüquqi sənədlərdəki ərazi göstəriciləri ilə faktiki istifadə olunan ərazi göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qalxacaq.Torpaq ərazilərində yerləşən daşınmaz əmlaklar barədə məlumatların bazaya daxil edilməsi ilə əmlaka dair çıxarışların verilməsi və digər qeydiyyat xidmətləri vətəndaşlara sadə və sürətli formada göstəriləcək.

Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin əsas hədəfidir.

"Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi 2019-cu ilin 31 dekabrında yekunlaşacaq".

Bunu "Kommersant.az"a açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib. Onun sözlərinə görə, artıq 19 rayonda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb, 8 rayonda isə görülən işlərin nəticələri ilə bağlı təqdimatlar keçirilib və praktiki istifadəsinə başlanılıb:

"Torpaqların elektron kadastr işlərinə 2016-cı ildən başlanılıb. Proses bütün Azərbaycanı əhatə edəcək. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaqlarla bağlı bütün kəmiyyət və keyfiyyət göstəriciləri öz əksini tapıb.Yəni, torpaqların mülkiyyət münasibətləri (dövlət, özəl, bələdiyyə torpaqları), eyni zamanda torpaqlar üzərində olan tikililər, torpaqların coğrafi (məkan) göstəriciləri, parametrləri, sahələri, torpaqların keyfiyyət göstəriciləri (münbitlik dərəcələri), iqtisadi qiymətləndirilməsi, dəqiq sərhədləri nəzərdə tutulur.

Torpaq, uçot sisteminin qurulması baxımından bir çox Avropa ölkələrinin, Türkiyə və Gürcüstanın praktikası öyrənilib (daha yaxını Türkiyədir)".

Qurum rəsmisi vurğulayıb ki, prosesin yekununda torpaqlardan qeyri-qanuni istifadə halları aradan qaldırılacaq:

"Aqrar islahatlar vaxtında (əvvəlki Torpaq Komitəsi) vətəndaşlara pay torpaqları ayrılanda bəzi hallarda texniki (ölçü cihazlarının tam mükəmməl olmaması səbəbilə), işçi qüvvələrinin az olması və s. səbəblərdən torpaqların üst-üstə düşmə halları olub. Monitorinqlər nəticəsində məlum oldu ki, bəzi hallarda vətəndaş ona ayrılan pay torpağından artıq ərazi zəbt edib. Torpaqların qeydiyyatı ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə çoxsaylı müraciətlər daxil olurdu, məhkəmə işləri gedirdi. Dəqiq sərhədlər müəyyən olunandan sonra yer qruluşu qaydasında torpaq problemləri öz həllini tapacaq. Sistem yekunlaşandan sonra bələdiyyə və relyef xəritələri hazırlanacaq. Nəticədə, ölkənin dəqiq torpaq balansı müəyyənləşdiriləcək. Torpaqların təyinatı üzrə istifadəsi daha mükəmməl həyata keçiriləcək".

Hüquqşünas Əkrəm Həsənov isə mövzu ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, Azərbaycanda rəsmi sənədlə olan torpaqla (hətta bina, mənzil tikinti ilə) onun faktiki vəziyyəti arasında olan fərq prinsipcə geniş yayılıb:

"Əgər kimsə gedib hüququ olmayan torpağı tutubsa, bu, əlbəttə ki, qanunsuzdur. Torpağın həmişə mülkiyyətçisi var. Bu halda torpağın həmin şəxslərin əlindən alınmasının yolu məhkəmədir. Əgər torpaq dövlətindirsə, dövlət artıq tutulan torpağın boşaldılması üçün məhkəməyə müraciət etməlidir".

Hüquqşünas, eyni zamanda, Azərbaycanda ictimaiyyətə açıq kadastr sisteminin formalaşacağına inanmadığını bildirib:

"Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi o demək deyil ki, orada olan hər şey mükəmməldir. Dünya ölkələrində həmin sistem açıqdır. Bu yolla, torpağın sahibini asanlıqla müəyyənləşdirmək mümkündür. Azərbaycanda isə sistemin açıq olması əksər vətəndaşların qanunsuz torpaqlarının əllərindən alınması ilə nəticələnəcək".