Səhiyyə nazirinə yeni müavin təyin olunub

30.06.2018 Sosial
Prezident İlham Əliyev Rahim Əliyevin səhiyyə nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Kommersant"ın səhiyyə nazirliyinin saytına istinadən məlumatına görə, sərəncama əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinin rəhbər tutaraq Rahim Rafail oğlu Əliyev səhiyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Əliyev Rahim Rafail oğlu 29.05.1982-ci ildə Bakı şəhərində anadan olub.

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə-Profilaktika fakültəsində təhsil alıb.

2005-2006-cı illər ərzində Kliniki Tibbi Mərkəzin Sinir-damar xəstəlikləri şöbəsində Nevrologiya ixtisası üzrə internaturanı bitirib.

2007-2012-ci illər ərzində Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin Diaqnostika şöbəsində həkim-nevropatoloq

2012-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müxtəlif vəzifələrində o cümlədən, 2015-2018-ci illər də isə rezidentura şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Azərbaycanda və xaricdə bir sıra beynəlxalq konfrans və seminarlarda çıxışlar edib bir sıra beynəlxalq tibbi konfrans və təlim kurslarının təşkilati komitəsinə üzv olub.

2013-cü ildə tibb üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib. 80-ə qədər elmi məqalənin, bir metodik tövsiyənin, bir klinik protokolun və bir tədris vəsaitinin müəllifidir.

2011-ci ildən Milli Nevrologiya Jurnalının təsisçisi və məsul katibi.

2012-ci ildən Nevroloqların Milli Assosiasiyasının təsisçisi və məsul katibi.

2015-ci ildən “Tibb və Elm” Əziz Əliyev adına elmi-praktik jurnalın Redaksiya şurasının üzvü olub.

2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının, Dünya insult təşkilatının və Avropa insult təşkilatının təşəbbüsü ilə yaradılan Avropa ölkələrində insultlu xəstələrə yardımın təkmilləşdirilməsi proqramının (ESO-EAST) icraedici komitəsinin sədr müavini olub.

Ailəlidir. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.