ABŞ-Çin iqtisadi gərginliyi yuanı ucuzlaşdırır - ARAŞDIRMA

27.06.2018 Statistika
ABŞ-la Çin arasında iqtisadi gərginlik yenidən artıb

"Kommersant" xəbər verir ki, təxminən, 1 ay bundan əvvəl ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Çinlə razılığa gəldiklərini və iki ölkə arasında illik ticarət dövriyyəsinin 200 mlrd. dollar artırılacağını bəyan etmişdi.

Bundan sonra tərəflər arasında ticarət müharibəsi səngisə də, təxminən, bir həftə sonra Çinin maliyyə nazirinin müavini Şi Yahobinin sərt çıxışları ilə vəziyyət yenidən gərginləşib.

O, verdiyi bəyanatlarda ABŞ-la hər hansı bir razılığa gəlinmədiyini və qarşı tərəfin tətbiq edəcəyi istənilən qərara qarşı eyni formada cavab veriləcəyi bildirib. Bundan sonra rəsmi Vaşinqton Çindən idxal olunan, təxminən, 50 mlrd. dollarlıq polad və alüminiuma əlavə gömrük rüsumunun tətbiq olunacağı barədə bəyanat verib. Prezident Donald Trampın administrasiyası bunu Çinin texnologiyaların istehsalı və ixracı sahəsində atdığı ədalətsiz addımların qarşısını almaq istəyi ilə izah edib. Çünki “Çin istənilən yeni texnologiyanın analoqunu istehsal edərək daxili və xarici bazara çıxarır. Bu isə ABŞ-ın hətta mili təhlükəsizliklə bağlı maraqlarına zidd hesab olunur.

Bütün bu qarşıdurmalar isə Asiyanın maliyyə bazarlarına mənfi təsir edir. Məsələn, Çinin Şanxay Fond Birjası indeksi (SSE Composite İndex) 3,4%, Honq Konq Fond Birjası İndeksi (Hang Seng Index) isə 2,5% azalıb. Yaranmış vəziyyət, onun mümkün nəticələri Çinin iqtisadi dairələrində və mətbuatında narahatlıqla müzakirə edilməkdədir. Əslində narahat olmaq üçün ciddi əsaslar da var. Çünki söhbət Çin iqtisadiyyatının artım tempinin aşağı düşməsindən, ölkənin milli valyutası – yuanın ucuzlaşmasından gedir. Məsələn, son 2 həftə ərzində CNY/USD nisbəti 3% artaraq 6,6-ya çatıb.

Bununla belə, ABŞ-da da Çinlə ticarətin yaratdığı gərginlik davam edir. Rəsmi Vaşinqton Pekini özünə rəqib hesab etdiyini gizlətmir.