AZAL-dan anlaşılmaz qərar - Uçuşları qadağan edilmiş təyyarələri almağa hazırlaşır

14.03.2019 Nəqliyyat
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Boeing 737 MAX təyyarələrinin ölkə səmasında uçuşlarına qadağa qoyub. Bizimyol.info xəbər verir ki, bu barədə xəbəri “İnterfaks” agentliyi yayıb.

“Rosaviasiya” bütün əlaqədar tərəflərə bildiriş göndərib ki, xüsusi göstəriş olana qədər bu modifikasiyaya aid təyyarələrin Rusiya səmasında uçuşları qadağan edilir.

Qadağalar bu təyyarələrin MAX 8 və 9 modifikasiyalarına aiddir. Qərarın ləğvi ABŞ-ın müvafiq qurumları tərəfindən zəruri məlumatlar təqdim edildikdən sonra baş tuta bilər.

Daha əvvəl bu modifikasiyaya aid təyyarələrin uçuşu Avropa Birliyi ölkələrində, hətta istehsalçı ölkə olan ABŞ-ın özündə qadağan edilib.

Qadağalara səbəb isə son 6 ay ərzində bu təyyarələrin iştirakı ilə iki dəfə qəzanın baş verməsi olub. Sonuncu dəfə martın 10-da Ethiopian Airlines aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb və 157 nəfər həyatını itirib.

Xəbərin bizim üçün maraqlı tərəfi odur ki, Azərbaycan hazırda məhz bu təyyarələrdən almağa hazırlaşır. Bu il fevralın 19-da yayılmış xəbərdə bildirilirdi ki, Azərbaycan yeni “Boeing-737 MAX” təyyarələri alacaq. AZAL prezidenti Cahangir Əsgərov Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirmişdi ki, “Azərbaycanın Milli aviadaşıyıcısı ən yeni təyyarə parklarından birinə malikdir. 2019-cu ilin ikinci yarısından etibarən Azərbaycanın Milli aviadaşıyıcısının hava gəmiləri parkına yeni müasir “Boeing-737 MAX” təyyarələri əlavə olunacaq və onların ümumi sayı 10-a çatacaq”.

VTB