Daxili İşlər Nazirliyi Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının nəzdində Reabilitasiya Mərkəzində vakant olan 2 həkim-fizioterapevt və 2 tibb bacısı vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, həkimlər üçün müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, fizioterapiya və tibbi bərpa ixtisası üzrə rezidentura təhsili almış, ixtisası üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.
Tibb bacıları üçün müsabiqədə Azərbaycan Respublikasının dövlət orta-ixtisas təhsil müəssisələrində tibb bacısı və ya feldşer ixtisası almış, yaşı 25-dən yuxarı olmayan, fizioterapiya və tibbi bərpa ixtisası üzrə azı 3 il praktiki təcrübəyə malik, boyu 160 santimetrdən aşağı olmayan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu ilin iyun ayının 15-dən iyul ayının 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin medical@ mia.gov.az ünvanına göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
Şəxsiyyət vəsiqəsi
Təhsil haqqında diplom
Əmək kitabçası
Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-20-59