Azərbaycanda bir neçə ölkənin banklarının törəməsi fəaliyyət göstərir. Belə ki, bu banklardan biri də “YapıKredi Azərbaycan” bankıdır. Artıq 15 ildən çoxdur ki, Azərbaycanda faəliyyətdədir.
“Kommersant” xəbər verir ki, “YapıKredi Bank Azərbaycan” 2018-ci ilin yanvar-mart ayları üzrə açıqladığı maliyyə göstəricilərinə əsasən, bank birinci rübü 660 min manat mənfəətlə başa vurub. Halbuki, bu rəqəm ötən ilin eyni dövründə 2 milyon 18 min manat olub. Bankın məcmu kapitalı ötən ilin eyni dövründə 48 milyon 437 min manat idisə, 2018-ci ilin birinci rübün də bu rəqəm 64 milyon 486 min manat təşkil edib.
Hazırda bank həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərir. Bankın kredit portfelində azalma müşahidə olunur. 2017-ci ilin birinci rübündə bu rəqəm 190 milyon 588 min manat idisə, 2018-ci ilin birinci rübündə azalaraq 144 milyon 242 min manat olub.
"YapıKredi Azərbaycan" bankının 2017-ci ilin illik hesabatında vaxtı keçmiş kreditlərin həcmi 48 milyon 439 min manat olub. Lakin bank 2018-ci ilin ilk üç ayında vaxtı keçmiş kreditləri 3 milyon 284 min manat azaldaraq 45 milyon 155 min manata endirib. Beləliklə, bank, 3 milyon manatdan çox vəsait nağdlaşdırıb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisə vaxtı keçmiş kreditlərin həcmi 8% azalıb.