USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit götürərkən əməl etməli olduğunuz 10 qızıl qayda

27.03.2019 Bank
0 0
Hamımız yaşadığımız həyatda qısa müddət ərzində rahat yaşamaq üçün ehtiyacımız olan və ehtiyac kimi gördüyümüz şeyləri əldə etməyə can atırıq. Amma unutmamaq lazımdır ki, düşünmədən ehtiyacımız olmayan şeyləri alarsaq bir müddət sonra ehtiyacımız olan şeyləri satmaq məcburiyyəti ilə qarşı qarşıya qalarıq. Ona görə də kredit götürərkən bir sıra məqamlara diqqət etmək lazımdır. Onlardan bəzilərinə toxunmağa çalışaq.

Unutmaq lazım deyil ki, kredit hədiyyə deyil, müəyyən faiz qarşılığında geri qaytarılması şərti ilə verilmiş pul vəsaitidir. Ona görə də ehtiyacınızdan artıq kredit götürməyin. Necə ki Warren Buffet demişdir: "Heç vaxt kredit götürməyin. Ehtiyacınız olmayan şeyləri alıb, ehtiyacınız olam şeyləri satmaq məcburiyyətində qalacaqsınız. Kredit müəyyən faiz qarşılığında verildiyindən, kredit götürərkən faizlər müqayisə olunmalı və itirdiyin faiz məbləği əsasında nə qədər gəlir götürə biləcəyin də analiz edilməlidir.

Məsləhət odur ki, gəlir götürə biləcəyiniz sahələr üçün kredit götürəsiniz. Hansısa bir ev əşyasını bir müddət sonra nağd formada da almaq olar.
Əgər tarixçənizin korlanmasını istəmirsinizsə kredit götürərkən gəlir və xərclərinizi dərindən analiz etməyiniz vacibdir.
Hər bir halda yerli valyutada kredit götürməyiniz məqsədə uyğundur. Müqavilələri imzalayarkən şərtləri diqqətə oxumaq, kreditin valyutası, faizi, müddəti və digər müddəaları nəzərdən keçirmək lazımdır. Əks halda sonradan bankla aranızda müəyyən çətinliklərin ortaya çıxacağı danılmazdır.
Aylıq ödəniş məbləğinizi təyin edərək, cari vəziyyətə görə deyil, işinizin ən pis vaxtlarında belə rahat şəkildə ödəyə biləcəyiniz məbləği təyin edin. Və ən əsası da özünüzü bir neçə bankla yükləməməyə çalışın. Əgər bir neçə bankda kreditiniz varsa, ödəniş tarixlərini düzgün seçməyə çalışın.
Kredit götürdüyünüz bankın da bəzi göstəricilərini gözdən keçirməkdə fayda var. Məsələn, geri ödəniş kanalları, müştəri məmnuniyyəti və digər cəhətlər. Bunlar, ilk baxışda çox önəmli mövzular kimi görünməsə də, sonradan müəyyən problemlərin ortaya çıxmasına səbəb olur.
Bir neçə bankdan kredit götürməyin. Problemli kreditlərin artmasının əsas səbəblərindən biri də bir neçə bankdan kredit götürərək yüklənmə səbəbindən bank qarşısında öhdəlikləri icra edilə bilməməsidir. Çalışın bir neçə bankdan kredit götürməyin, əgər götürsəniz belə çalışın ödənişləri tarixləri, icarə haqqları və s. digər xərclər arasında kifayət qədər interval olsun.
Kredit müqaviləsi ilə tanış olun. Yaşadığımız ötən illərdəki devalvasiya prosesi nəticəsində banklar və müştərilər arasında mübahisələrin yaranmasına səbəb olan ən başlıca amil müqavilə şərtlərindəki müddəalar idi. Yəni banklar özlərinə uyğun müddəaları müqavilədə yerləşdirmiş, lakin müştərilərin böyük əksəriyyəti müqavilənin üzünə belə baxmamışdı. Nəticədə hər iki tərəf üçün ciddi problemlər yaranmışdı. Müqavilə xırda hərflərlə yazılsa belə siz yenə də ən azından əsas müddəalara fikir verməyə çalışın.
Çox pul çox gəlir gətirmir. Öncə də qeyd etdiyim kimi kredit müəyən faiz qarşılığında verilən pul vəsaitidir. Hər biznesin bir böyüklüyü var. Məhz bunu nəzərə alaraq biznesinizə və ya maaşınıza, yəni gəlirinizə uyğun kredit götürməyə çalışın. Bəzi müştərilər "çox pul çox gəlir gətirəcək, nə qədər çox götürə bilirəm götürüm, onsuz da qazanıb ödəyəcəm" fikri ilə kredit götürür və nəticədə biznes və ya insan gücündən çox yüklə yükləndiyindən öhdəliklər icra oluna bilmir.
Gecikmə şərtləri ilə maraqlanın. Doğrudur, kredit götürərkən əksər insanların niyyəti vaxtı vaxtında ödəmək olsa da müəyyən səbəblərdən çətinliyə düşmə ehtimalı da hər zaman vardır. Məhz bu səbəbdən kredit gördüyünüz bankın cərimə faizləri və gecikmə proseduru ilə maraqlanın. Baş verə biləsi hər hansı gecikmə durumunda o məlumatları nəzərə alaraq hərəkət etsəniz yaxşı olar.
Qeyd edilən məsələlərin adi qarşılanması sonradan banklarla üzləşəcəyimiz problemlərin dərinləşməsinə səbəb olacaq.

Nüsrət Xəlilov