Azərbaycanın tədiyyə balansının profisiti 56% artırıldı - Mərkəzi Bankdan açıqlama

14.06.2019 Bank
2019-cu ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyyə balansı açıqlanıb.
"Kommersant.az" Mərkəzi banka istinadən xəbər verir ki, tədiyə balansının ümumi saldosu (profisiti) 2 milyard 19,3 milyon dollar təşkil edib. 2018-ci ilin I rübündə tədiyə balansının ümumi saldosu 1 milyard 295.8 milyon dollar təşkil etmişdi. Beləliklə, saldo 55,8% artıb. "2019-cu ilin I rübü üzrə tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır. Cari Əməliyyatlar Balansında yaranmış 1.6 mlrd.dollarlıq profisit ehtiyat aktivlərinin artmasını şərtləndirmişdir 2019-cu ilin I rübü üzrə cari əməliyyatlar hesabında 1.6 mlrd.dollar (ötən ilə müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 3% artım) məbləğində profisit yaranmış, o cümlədən neft-qaz sektoru üzrə profisit ö.i.m.d.n. 4.6% (129 mln.dollar) artaraq 3 mlrd.dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 6.4% (82 mln.dollar) artaraq 1.4 mlrd.dollar məbləğində olmuşdur. Nəticədə cari hesabın neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə kəsiri tam örtmüşdür",- Mərkəzi Bankın məlumatında deyilir.