USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ekspert:Sələmçilərin absurd ittihamları üzrə borcalanlar həbs oluna bilər

29.05.2018 Bank
0 0
"Hazırda 2 vətəndaşı müdafiə edirəm"

"Kommersant.Az" xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənov bu sözləri sosial şəbəkədə bildirib. Onun tam açıqlamasını təqdim edirik:

"Hazırda vəkil kimi cinayət işləri üzrə 2 vətəndaşı müdafiə edirəm. Maraqlı və cəmiyyətimiz üçün çox aktual problemlə bağlıdır – sələmçilik. Bu işlərin nəticəsi bütövlükdə cəmiyyətimiz üçün olduqca əhəmiyyətli olacaq. Banklardan fərqli olaraq, sələmçilər borcalanları inzibati qaydada həbs etdirməklə kifayətlənmir, onları mütləq cinayət məsuliyyətinə cəlb etdirmək istəyirlər (banklardan fərqli olaraq, sələmçilər vergidən də yayınır, amma nədənsə bu məsələ ilə məşğul olan yoxdur!). Məram aydındır: başqa borcalanlara dərs olsun! Bu iki işin mətbuatda işıqlandırılmasını olduqca zəruri hesab edirəm. Bu gün hər iki işlə bağlı qısa məlumat verirəm. Sonradan mütəmadi ətraflı yazacağam. Amma hörmətli jurnalist dostlarımı məhkəmə prosesində görməyə də şad olardım. Çünki problem yalnız bu sələmçilərdə deyil, həmçinin onlara nədənsə (??!!) dəstək verərək bu işləri məhkəməyədək çatdırmış icra məmurlarında, hüquq-mühafizə orqanlarındadır (təbii, məhkəmədə də onlar bu işləri “məntiqi” nəticəyə çatdırmağa, yəni borcalanları azadlıqdan məhrum etdirməyə var güclə çalışacaqlar). İttiham aktları sadəcə biabırçılıqdır! Onları oxuyanda ölkəmizin hüquq sisteminin nə gündə olduğu aşkar olur.

1. Pirallahıda yaşayan Azərbaycan Beynəlxalq Bankının sabiq əməkdaşı Ələkpərov Nadir Kamal oğlu qardaşı Elşənlə birlikdə sələmçiliklə məşğul olaraq vətəndaşlara 3-5% aylıq dərəcə ilə borc verir. Belə borcalanlardan biri Rusiyada doğulmuş Azərbaycan vətəndaşı Panfilova Valeriya Viktorovnadır. Borcun əksəriyyətini qaytarsa da, Nadir Ələkpərov nəinki bunu danır, üstəlik Panfilovanı dələduzluqda ittiham edir. Bir neçə şəxsin də eyni ittihamla Panfilovanın üzünə durmasına nail olub. Amma işdə heç bir əsaslı sübut yoxdur və mən bunu prosesdə sübut edəcəyəm (ümumiyyətlə, bu işlə bağlı deyəcəyim hələ çox olacaq: başdan ayağa qurama işdir)! İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə artıq yarım ildən çoxdur ki, baxılır (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə: külli miqdarda ziyan vurmaqla dələduzluq). Mən bu işə bir neçə gündür ki, qoşulmuşam. Növbəti iclas 30 may saat 10.00-da olacaq.

2. Məmmədov Ramiz Şahmurad oğlu Füzulidən olan Mahmudov Qədir Mahmud oğluna (oğlu da jurnalistdir) aylıq 10%-lə borc verib. Borc ödənilsə də, Mahmudovun əlində sübut yoxdur. Buna görə də Məmmədov Mahmudovu məhkəməyə verib və işi udub. Lakin işsiz Mahmudov məhkəmə qətnaməsini yalnız qismən icra edə bilib. Buna baxmayaraq inzibati qaydada 10 günlük həbs edilib. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət də etmişəm (məlum olduğu kimi, Avropa Məhkəməsi artıq mənim bu kimi şikayətlərim üzrə kommunikasiyaya başlayıb). Lakin indi Mahmudova qarşı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə) ilə cinayət işi də açılıb. Bu gün saat 10.00-da Xətai rayon məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə hazırlıq iclası olacaq. Növbəti iclasın vaxtı barədə əlavə məlumat verəcəyəm.

P.S. Hər iki iş hüquq sistemimizə, cəmiyyətimizə ləkədir, rüsvayçılıqdır! Buna görə də cəmiyyət olaraq fəal olmalıyıq. Əks halda, sabah hər kəsi belə absurd və sübutsuz ittihamlarla həbs etmək olacaq. Yalnız mətbuat deyil, hamı fəal olmalıdır, ictimai qınaq vacibdir. Xahiş edirəm, sözügedən sələmçilərin başqa qurbanları da varsa, mənimlə əlaqə saxlasınlar."