USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bahalı dərmanlar və əməliyyatlar üçün güzəştli kredit veriləcək? - Bəzi banklar 2-3 faizlə...

10.02.2020 Bank
0 0
Rusiyada bahalı dərmanların kreditlə satılmasına başlanılıb. Belə ki, 6-12 ay müddətinə veriləcək kreditin maksimum məbləği 300 min rubl (8000 AZN) olacaq. Rusiyalı ekspertlər hesab edirlər ki, farmaseptik bazarda kredit layihəsi müasir bank texnologiyaları istiqamətinə doğru müsbət addımdır.

"Kommersant.az" xəbər verir ki, Azərbaycanda bir çox xidmət sahəsində kredit sistemindən istifadə edilir. Lakin səhiyyə sistemində bahalı dərmanlar və əməliyyatlar üçün kreditdən istifadə etmək təcrübəsi yoxdur.

Bəs ölkəmizdə də bu növ kreditlərin verilməsi ehtimalı varmı?

Bununla bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirir ki, bu sistemin Azərbaycanda tətbiqi üçün bəzi problemlər aradan qalxmalıdır:

"Əslində Azərbaycanda insanlar öz səhhətlərinin qayğısına qalmaq, xəstəliklərini müalicə etdirmək, əməliyyat etdirmək üçün kredit götürürlər. Amma birbaşa bu seqmentə uyğun olan kredit olmadığına görə, adi kredit götürmək məcburiyyətində qalırlar. Əgər bu istiqamətdə də Azərbaycanda kredit transı açılsa, vətəndaşlara bu təyinat üzrə kredit verilsə, daha yaxşı olar. İnkişaf etmiş ölkələrdə bu kreditlərə ciddi güzəştlər də var, çox aşağı faizlə verilir. Avropa ölkələrində təsdiqlənmiş diaqnozla müraciət olunmaq üçün bəzi banklar 2-3 faizlə, hətta 1,5 faizlə kredit verir. Amma bəzi ölkələrdə bu kreditlərin müddəti çox qısadır. Bu da onun mexanizmi ilə əlaqədardır. Elə mexanizm qurulub ki, xəstə krediti qaytara bilir. Bura ürək əməliyyatları, ağciyər əməliyyatı və s. aiddir. Adətən Avropa ölkələrində belə kreditlər bahalı dərmanlarla bağlı verilmir. Çünki onlarda tibbi-sığorta sistemi cüzi də olsa işləyir. Vətəndaşın dərman sahəsində ciddi sıxıntısı olmur. Vətəndaşa xəstə olduğu üçün müəyyən yardımlar verilir ki, bu da onun krediti ödəməsinə kömək olur.

Hazırda isə MDB ölkələrinin bəzilərində bu xidmət var. Artıq Rusiyada da belə kreditlər verilir, lakin hələ ki yüksək faizlə həyata keçirilir. Ümumiyyətlə, MDB ölkələri üçün kreditin müddətinin qısa olması hələ tezdir. Çünki vətəndaşların əksəriyyətinin sabit gəliri yoxdur. Avropa ölkələrində isə vəziyyət fərqlidir. Avropa vətəndaşlarının sabit gəliri var, işlədikcə əmək haqqı ilə, işsiz olduqda isə işsizliklə bağlı kompensasiya ilə təmin olunur. Azərbaycanda və digər MDB ölkələrinin əksəriyyətində isə belə bir mexanizm yoxdur. Lakin Baltikyanı ölkələrdə bu istiqamətdə müəyyən addımlar atılır.

Düşünürəm ki, Azərbaycanda da belə bir kredit sisteminin işə düşməsi lazımdır. Hamımız bilirik ki, Azərbaycanda xəstəliklər geniş yayılıb. Lakin burada şəffaflıq problemi var. Müalicə üçün kredit ayrılacaq, insanlar bundan müəyyən sui-istifadə edib, saxta sənədlər hazırlayıb, bu kreditdən yararlanmaq istəyəcəklər. Çünki bunun üçün şərait var. Dürüstlük və şəffaflıq olmayan yerdə istənilən layihə öz səmərəsini vermir".