Qarabağ Azərbaycandır!

"Muğanbank"ın sabiq əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb

09.06.2018 Bank
Bakı Apellyasiya Məhkəməsində "Muğanbank" ASC-nin külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

“Kommersant”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 22-nə təyin edilib.

Qeyd edək ki, N.Vəliyev tanışları - Kənan Nağıyev və Cavad Cavadovun etibarından sui-istifadə edərək "Forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla həmin şəxslərin, ümumilikdə, 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur.

İş üzrə zərərçəkmiş şəxs qismində "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.

N.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

O, məhkəmədə özünü qismən təqsirli bilib və zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini söyləyib.

N.Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.