USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ata Bank" və "Amrah Bank" əmanətçilərinə - XOŞ XƏBƏR

29.04.2020 Bank
2 0
Aprelin 27-də müvəqqəti inzibatçı təyin edilən 4 bankdan 2-sinin taleyi ilə bağlı qərar verildi. Mərkəzi Bank “Atabank” ASC və “Amrah Bank” ASC-nin lisenziyalarının geri alındığını elan etdi, bununla da həmin bankların fəaliyyətinə rəsmi olaraq dayandırıldı. İstənilən bankın bağlanması səhvən kredit ödənişi öhdəliyindən azad olunduğunu düşünən müştərilərin sevincinə səbəb olsa da əmanətçilərin real narahatlıqlarına səbəb olur.

2019-cu ilin sonuna Amrahbankın depozit portfeli 175,2 milyon manat olub. Atabankın depozit portfelinin həcmi barədə son məlumat 2019-cu ilin oktyabr ayının 1-i tarixinədir. Həmin tarixdə portfelin həcmi 286,3 milyon manat həddində olub. Güman etmək olar ki, Atabankda depozitlərin həcmində artım olmayıb, eyni zamanda ciddi azalma olmayb. Çünki bank bir müddət idi depozitlərin qaytarılmasına moratorium qoymuşdu. Hər iki bankda depozitlərin həcmi 460 milyon manat civarındadır. Ötən həftə qüvvədə olma müddəti daha 9 ay uzadılmış “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tələblərinə görə, hər iki banka yatırılmış əmanətlərə dövlət tərəfindən tam zəmanət verilir. Bir şərtlə ki, həmin əmanətlərin illik faiz dərəcəsi milli valyutada 10%-dən, xarici valyutada üzrə 2,5%-dən yüksək olmasın. Digər - qorunmayan əmanətlərin taleyi isə bağlanmış bankların debitor və kreditor borclarının nisbətindən, həmçinin mülkiyyətindən olan əmlakların dəyərindən asılı olacaq. Bu banklardan olan əmanətlərin hamısı olmasa da əksəriyyəti qorunandır.

Mərkəzi Bankın rəhbəri dünən açıqlamasında bildirib ki, qısa müddətdə əmanətlər sabit banklarından birinə köçürüləcək və əhali həmin bankda pulunu saxlamaq və ya götürməklə bağlı qərar verə bilər. Təbii ki, əmanətçilərin əksəriyyətinin qərarı vəsaitlərini agent bankdan geri çəkib ya digər banklara yerləşdirmək, ya da yastıq altında yığmaq olacaq. Bu hadisə digər banklarda da əmanətlərin geri çəkilməsinə gətirib çıxaracaq. Əhali yenidən gözləmə mövqeyinə keçəcək.

Digər tərəfdən qanunvericiliyə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə xarici valyutada ödənilir. Əmanətlər həm milli, həm də xarici valyutada olarsa bir əmanət kimi manatla ödənilir. Ölkə üzrə ümumi depozitlərdə xarici valyutanın payının 60% olmasını nəzərə alsaq 2 bank üzrə xarici valyuta depozitlərinin həcminin təxminən 280 milyon manatının xarici valyutada, daha konkret desək ABŞ dollarında olduğu təxmin etmək olar. Bu o deməkdir ki, dollar əmanəti yatırmış müştəri onu həmin valyuta ilə götürəcək, bu isə dollara tələbatı artıracaq.

İdeal vəziyyət əhalinin əmanətləri geri çəkməməsi, agent bankda ən azı müqavilə müddəti bitənədək vəsaitini saxlaması olardı. Bunun üçünsə dövlət müəyyən stimullaşdırma tədbirlərinə getməlidir. Nəzərə almaq lazımdır ki, agent bankda əmanətlərin faiz dərəcəsinin aşağı olması ehtimalı yüksəkdir. Bu isə əhali üçün az cəlbedici olacaq.

Burda hökumətin iki mexanizmdən birini tətbiq etməsi mümkündür: məcburi və həvəsləndirici. Məcburi addım olaraq agent banka köçürülən əmanətlərin müqavilə şərtləri köhnə bankda olduğu kimi saxlanılır. Yəni vəsait köçürülsə də müqavilə müddəti bitənədək əmanətin bankdan götürülməsi qadağan edilir. Əgər əmanətçi əmanətini götürürsə, bu halda bağlanmış bankda olduğu kimi vaxtından əvvəl götürülmüş əmanət kimi qiymətləndirilir və cərimə tətbiq edilir. Hökumət də öz növbəsində müqavilədə göstərilən faiz dərəcəsinin saxlanmasını (əgər agent bankda faiz dərəcəsi aşağıdırsa) təmin etməlidir. Buna illik faizi dərəcəini subsidiyalaşdırmaqla nail ola bilər.

İkinci mexanizmdə isə əmanətlərin agent bankda qalmasının stimullaşdırmaq üçün dövlətin həmin əmanətlərin faiz dərəcəsini müddət bitənədək illik 2-3% bəndi səviyyəsində (xarici valyuta üzrə 1%) subsidiyalaşdırır və seçimi əmanətçinin ixtiyarına buraxır.

Əgər bu addımlar atılarsa, Əmanətlərin Sığortalanması Fondunun əlavə vəsait cəlbinə ehtiyac qalmaz və insanlar gələcəkdə bağlanacaq banklara görə əmanətin batması baxımından narahatçılıq keçirməz.

Samir Əliyev

İqtisadçı Ekspert