USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların müşahidə şuraları idarə heyətlərinə bu səlahiyyəti həvalə edə biləcək - MƏRKƏZİ BANK

03.08.2022 Bank
0 0
Bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçiriləcək. Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının yeni qaydasına istinadən xəbər verir.

Lakin, Mərkəzi Bankın qaydasına görə, aidiyyəti şəxslərə verilmiş kreditlər istisna olmaqla ümumi məbləği 20 000 manatadək olan milli və xarici valyutada ümidsiz aktivlərin, habelə bu Qaydanın 9-cu hissəsində* müəyyən edilmiş ümidsiz aktivlərin balansdan silinməsi səlahiyyətləri Müşahidə Şurası tərəfindən İdarə Heyətinə həvalə edilə bilər.

Bu halda, bu Qaydanın 9-cu hissəsində müəyyən edilmiş ümidsiz aktivlər istisna olmaqla İdarə Heyətinin qərarı ilə təqvim ili ərzində balansdan silinmiş aktivlərin ümumi məbləği əvvəlki ilin sonuna bankın I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır. İdarə Heyətinin qərarı ilə balansdan silinmiş aktivlər barədə hesabat Müşahidə Şurasının növbəti iclasınadək Müşahidə Şurasının üzvlərinə təqdim olunmalıdır. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və ən azı 5 (beş) il ərzində bu hesablarda uçotu aparılır. Ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılması zamanı bu Qaydanın 11-ci hissəsində müəyyən edilmiş güzəştlər balansdan silinmiş və sonradan balansa geri qaytarılmış aktivlərə şamil edilmir.

Əvvəlki qayda isə ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və ən azı 5 (beş) il ərzində bu hesablarda uçotu aparılır. Ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılması zamanı bu Qaydaların 11-ci hissəsində müəyyən edilmiş güzəştlər balansdan silinmiş və sonradan balansa geri qaytarılmış aktivlərə şamil edilmirdi.

* 9. Bank işində istifadə olunmayan aktivlərin (əmlakın) təsnifləşdirilməsi

9.1. Ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş və bank işində istifadə olunmayan daşınmaz əmlak balansa götürüldüyü tarixdən aşağıdakı kimi təsnifləşdirilir və onun üçün müvafiq ehtiyatlar yaradılır:

9.1.1. daşınmaz əmlakın bazar qiyməti onun balans dəyərindən çox olduqda o, balans dəyəri məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir;

9.1.2. daşınmaz əmlakın bazar qiyməti onun balans dəyərindən az olduqda o, bazar qiyməti məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi, fərq hissəsində isə ümidsiz aktiv kimi təsnifləşdirilir.

9.2. Ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş daşınmaz əmlak, habelə əvvəllər istifadə etdiyi əsas vəsaitlər istifadə olunmadığı andan 2 (iki) ildən artıq balansda saxlanıla bilməz. Müddət başa çatdıqdan sonra həmin daşınmaz əmlak balansdan silinir və balansdankənar hesabda uçota alınır.

9.3. Ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş daşınar əmlak, o cümlədən qiymətli kağızlar balansa götürüldüyü tarixdən, habelə bank işində istifadə olunmayan daşınar əmlak bank işində istifadə olunmadığı tarixdən aşağıdakı kimi təsnifləşdirilir və onun üçün müvafiq ehtiyatlar yaradılır:

9.3.1. daşınar əmlakın bazar qiyməti balans dəyərindən çox olduqda o, 60 gün ərzində balans dəyəri məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir;

9.3.2. daşınar əmlakın bazar qiyməti balans dəyərindən az olduqda o, 60 gün ərzində bazar qiyməti məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi, fərq hissəsində isə ümidsiz aktiv kimi təsnifləşdirilir;

9.3.3. 60 günlük müddət başa çatdıqdan sonra daşınar əmlak ən azı təhlükəli aktiv kimi təsnifləşdirilir;

9.3.4. 120 günlük müddət başa çatdıqdan sonra daşınar əmlak ümidsiz aktivlər kimi təsnifləşdirilərək balansdan silinir və balansdankənar hesabda uçota alınır.