USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Unibank”-ın yeni investorlarının adları və səhmləri - AÇIQLANDI

20.01.2023 Bank
9 3
29 dekabr 2022-ci il tarixlərində “Bakı Fond Birjası” vasitəsilə yerləşdirilmiş “Unibank Kommersiya Bankı” ASC-nin 6 milyon 800 min manatlıq yeni səhmlərini əldə etmiş 7 investordan 3-nün adı və aldıqları həcmlər açıqlanıb.

Kommersant.az xəbər verir ki, səhmlərin 6 milyon 397 min 190 manatlıq hissəsini Bankda ən böyük payla səhmdar olan Qəribov Eldar Mahmud oğlu əldə edib. Nəticədə Eldar Qəribovun “Unibank”ın nizamnamə kapitalındakı payı 86,6960%-dən 87,0320%-ə yüksəlib.

Həmçinin, səhmlərin 202 min 164 manatlıq hissəsini Bankın mövcud səhmdarlarından olan Quliyev Emin Natiq oğlu əldə edib. Eyni zamanda, Emin Quliyev bağışlanma müqaviləsi əsasında 3 milyon 394 min 369 manatlıq səhmlər əldə edib. Əqdlərdən sonra Emin Quliyevin “Unibank”ın nizamnamə kapitalındakı payı 0,3592%-dən 2,7504%-ə yüksəlib.

Bunlardan başqa, yeni səhmlərin təxminən 20 min 639 manatlıq hissəsini Hüseynov Faiq Arif oğlu alıb. Əqd nəticəsində Faiq Hüseynovun “Unibank”ın nizamnamə kapitalındakı payı 0,2797%-dən 0,2808%-ə yüksəlib.

Qeyd edək ki, Faiq Hüseynov “Unibank” yaranandan (2002-ci ildən) etibarən bankın İdarə Heyətinin sədri olub. 1 yanvar 2023-cu il tarixindən bankın Müşahidə Şurasının üzvü, Müşahidə Şurası sədrinin müavini təyin olunub.

Qeyd edək ki, “Unibank” KB” ASC-nin nizamnamə kapitalı 149 milyon 386 min 357.60 manat təşkil edir, səhmlərin buraxılması və yerləşdirilməsi yolu ilə formalaşıb.

Hazırda “Unibank” KB ASC-nin səhmdarları sırasında Azərbaycan Respublikasının rezidenti olan 7 fiziki şəxs var (onlara məxsus səhmlərin nizamnamə kapitalındakı faiz nisbəti 92,5121% təşkil edir) və ən böyük (87,0320%) səhm zərfi Qəribov Eldar Mahmud oğluna məxsusdur.