USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Mərkəzi Bankın keçmişdə buraxılan səhvlərini düzəltmək qeyri-mümkündür" - Deputat

13.04.2023 Bank
0 0
"Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın İdarə Heyəti və rəhbərliyinin dəyişdirilməsinin üstündən bir o qədər də çox vaxt keçməyib".

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev Hesablama Palatasının dünən Mərkəzi Bankla bağlı açıqladığı hesabatı şərh edərkən deyib.

Deputat qeyd edib ki, qısa vaxtda belə böyük mexanizmi və Mərkəzi Bankın keçmişdə buraxılan səhvlərini düzəltmək qeyri-mümkündür:

"Buna müəyyən vaxt lazımdır. Lakin Mərkəzi Bankın buraxdığı səhvləri digər qurumların nöqsanları ilə müqayisə etsək, Bankın nöqsanları bir o qədər də gözə çarpan deyil. Əsas odur ki, bu gün onlar infilyasiya ilə mübarizə apara bilir və maliyyə sistemində stabilləşməni tam formada təmin edirlər. Digər dövlət qurumlarıda nisbətən daha çox nöqsanlar, maliyyə pozuntuları var”.

Rüfət Quliyev deyib ki, 2022-ci ildə 420 milyon manat maliyyə pozuntusu aşkarlanıb. Ola bilsin ki, bunun bir qismi büdcəyə qaytarılacaq, amma ehtimal azdır:

“Mən burada ən böyük problemin başqa olduğunu düşünürəm. Bunu iclasdakı çıxışım zamanı da demişəm. Qeyd etmişəm ki, dövlət orqanları ciddi maliyyə pozuntularına yol verir. Bunun bir qismi göndərilir hüquq mühafizə orqanlarına, o cümlədən Baş Prokurorluğa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə. Hər dəfə soruşuram ki, "nəticəsi nə oldu?", "bunun hansı hissəsi məhkəməyə çatdı?", "hansı məmurlar hansı cəzanı çəkib?" və "qeyri-effektiv formada istifadə edilən maliyyə büdcəyə qayıdıbmı?". Hər dəfə xahiş edirəm ki, bizə rəsmi formada məlumat təqdim edin bilək bu işlərlə bağlı hansı məhkəmə qərarları olub, kim cəzalanıb, hansı formada cəzalanıb. Bu olanda cəmiyyətdə də müəyyən qədər sakitləşmə gedir. Cəmiyyət də başa düşür ki, pozuntulara yol verən məmurlar cəzalandı, dövlət büdcəsindən mənimsəmə mümkün deyil, bunun cəzası olacaq”.

Hesablama Palatasının fəaliyyətindən danışan deputat qeyd edib ki, palatanın kifayət qədər effektiv işi var. İldən-ilə peşəkarlaşdıqları hiss olunur:

“Hesablama Palatasının üzərinə çox böyük yük düşür. Büdcə və xərclər artır. Hesablama Palatasının işi təkmilləşir. İstifadə etdikləri alətlərin də sayı və keyfiyyəti, meyarları, yoxlamalarının sayı da artır”.

Qeyd edək ki, Hesablama Palatası Azərbaycan Mərkəzi Bankının (AMB) 2021 və 2022-ci ilin birinci yarısındakı maliyyə-təsərrüfat fəaliyyətində qüsurlar aşkarlayıb.