"Rabitəbank"ın xalis mənfəəti 27% azalıb - HESABAT

25.07.2018 Bank
Bankın iri kreditlərinin həcmi 90 milyon 990 min manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, "Rabitəbank" 2018-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. Belə ki, bankın bu rübdə faiz gəlirləri 17 milyon 483 min manat, qeyri-faiz gəlirləri 4 milyon 463 min manat, faiz xərcləri 7 milyon 76 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 536 min manat təşkil edib. 2018-ci ilin ikinci rübünü "Rabitəbank" 311 min manat xalis mənfəətlə başa vurub. Halbuki, 2017-ci ilin müvafiq dövrünü bank 421 min manat mənfəət əldə edib.

Bankın cari ilin ikinci rübü maliyyə hesabatına əsasən, müştərilərə verdiyi kreditin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% artaraq 234 milyon 649 min manata çatıb. "Rabitəbank"ın cəmi aktivləri 2017-ci ilin ikinci rübü ilə müqayisədə 45 milyon manat artaraq 712 milyon 492 min manat olub. Bankın depozit portfeli 219 milyon 722 min manat təşkil edib. "Rabitəbank"ın cəmi öhdəlikləri 625 milyon 709 min manat olub.

Bankın 2018-ci ilin 30 iyun tarixinə açıqladığı maliyyə hesabatına əsasən məcmu kapitalı 99 milyon 940 min manat təşkil edib.