Azərbaycan Bankının İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarında kənar auditin aparılmasına dair minimum tələblər”i təsdiq edib.
Kommersant.az xəbər verir ki, AMB rəhbərliyinin tətbiq etdiyi yeni qaydalar BOKT-lərdə aparılan kənar auditin standartlaşdırılması və şəffaflığın artırılmasına yönəlib. Qayda 07 oktyabr 2025-ci il tarixində AMB sədri Taleh Kazımov tərəfindən imzalanıb.
Beləliklə, sənədə əsasən:
Kənar audit yalnız Beynəlxalq Audit Standartları üzrə aparılacaq.
Kənar auditorun seçilməsi üçün yeni meyarlar müəyyən olunub:
– Auditor müstəqil olmalı, BOKT ilə hər hansı işgüzar əlaqəsi olmamalıdır.
– Auditə cəlb ediləcək əməkdaşlar son 3 ildə həmin təşkilatda işləməməlidir.
– Eyni auditor BOKT-ni ardıcıl olaraq maksimum 5 il audit edə bilər.
– Auditorlar Palatasının ictimai əhəmiyyətli qurumlarla bağlı tələblərinə uyğunluq şərtdir.
BOKT-lər hər ilin 15 dekabrına qədər seçdikləri auditor barədə Mərkəzi Banka məlumat təqdim etməlidirlər.
Audit hesabatının tərkibi dəqiq müəyyən olunub:
– auditor rəyi,
– balans, mənfəət-zərər, kapital dəyişiklikləri, pul axını hesabatları,
– maliyyə hesabatlarına dair qeydlər.
Auditor istəyinə görə prudensial göstəricilər, idarəetmə və daxili nəzarətə dair digər vacib məsələləri də hesabatda əks etdirə bilər.
Kritik pozuntu və ya kapitalın minimum həddən aşağı düşməsi aşkar edilərsə, auditor dərhal Mərkəzi Bankı məlumatlandırmalıdır.
Audit Komitəsinin funksiyaları genişləndirilib: auditorla işin təşkili, lazımi sənədlərin təqdim olunması, audit gedişində mühüm faktların dərhal araşdırılması və nəticələrin müzakirəsi kimi vəzifələr əlavə olunub.