Qarabağ Azərbaycandır!

Kəndli bankı yaradıla bilər - EKSPERTDƏN TƏKLİF

08.09.2018 Bank
Bölgələrdə bank kreditlərinin faiz dərəcələri paytaxtla müqayisədə yüksək həddə qalmaqda davam edir.

"Kommersant.az" xəbər verir ki, bu isə bölgə əhalisinə, xüsusilə də kiçik və orta fermer təsərrüfatlarının kredit resurslarına çıxışını çətinləşdirir.

Kreditin əlçatanlığı üçün hansı addımların atılmasına ehtiyac var?

İqtisadçı ekspert Cəfər İbrahimli məsələ ilə bağlı portalımıza açıqlamasında bildirib ki, kənd təsərrüfatında iştirak edən subyektlər hazırda iki mənbədən vəsait ala bilir:

"Vətəndaşlar hazırda kənd təsərrüfatı kreditlərini kommersiya krediti kimi bankdan ala bilirlər. Eyni zamanda Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin verdiyi güzəştli kreditlərdən yararlanırlar. "İpoteka və Kredit Zəmanət Fondu" çərçivəsində isə kreditlərə zəmanət verilməklə vəsaitin cəlbi nəzərdə tutulub".

Ekspert qeyd edib ki, fermerlərin kreditə çıxış imkanları məhdud olaraq qalır:

"Kənd təsərrüfatına kreditin ayrılması üçün Bakı və Gəncə kimi şəhərlərdə mənzil girovu tələb olunur. Həmin ərazilərdə vətəndaşın daşınmaz əmlakı yoxdursa, əlbəttə ki, kredit götürmək işi çətinləşir. Torpaq və digər texniki avadanlıqların girovlaşdırılması və dəyərinin müəyyənləşdirilməsi ilə bağlı uzun müddətdir ki, problem var. Torpaqları girov götürmədən kredit vermirlər. Kiçik və orta fermerlərin maliyyə uçotu sistemləri yoxdur. Onlar vergidən azaddır, hesabat vermək məcburiyyətində deyil. Dolayısı ilə həmin fermerlər maliyyə, vergi hesabatlılıqlarını təqdim edə bilmədikləri üçün banklar da onların nə qədər mənfəətli işləmələrini ölçə bilmədiyindən, kredit verməkdə çətinlik çəkirlər. Əslində məsələdə banka haqq qazandırmaq olar. Bank kreditin geri qayıdacağı yollarını görməlidir. Yerli fermer təsərrüfatları (əsasən kiçik və orta) vəsaiti cəlb edəndə, bütün risklər bankın üzərində qalır. Dolayısı ilə, bank krediti verməklə likvid girovu təmin etməyə çalışır. Geri ödəniş olmadığı zaman bütün risklərin bankın üzərində qalmaması üçün Sahibkarlığa Kömək Milli Fondu riskin bir hissəsini üzərinə götürə bilsə, bu, kiçik və orta fermerlərin maliyyələşməsinə dəstək ola bilər. Amma Sahibkarlığa Kömək Milli Fondunun formalaşması mexanizmində riskin bölünməsi halı nəzərdə tutulmayıb".

İqtisadçı eyni zamanda vurğulayıb ki, kənd təsərrüfatı fermerlərinə həm "Aqrolizinq" xətti ilə, həm də Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kifayət qədər resurs ayrılıb:

"Adıçəkilən qurumlarda, həmçinin banklarda kənd təsərrüfatı kreditlərinin riskini ölçə bilən mütəxəssislərin sayının az olması da kreditləşməyə mənfi təsir göstərir. Banklar vaxtında torpaqları girov götürüb kənd təsərrüfatını maliyyələşdirə bilərdilər. Əgər 5 il əvvəl fermerin torpağını 200-300 manatdan qiymətləndirib girov götürsəydilər, indi təqribən 2000 manata rahatlıqla satıb problemli kənd təsərrüfatı kreditinin bağlanmasını təmin edə bilərdilər".

C.İbrahimli bildirib ki, fermerlərin kreditə çıxış imkanlarını artırmaq üçün "Aqrar Bank"ın yaradılması mümkün variantdır:

"Türkiyədə kənd təsərrüfatı ilə məşğul olan insanlara yardım üçün illər öncə "Ziraat Bank" yaradılıb. Lakin hansısa qurumu yaradarkən ona dəstək lazımdır. Banklar kadr cəlb etməklə daha sürətli kreditləşmə həyata keçirə bilərlər. Bütün banklar demək olar ki, regionlara yaxındır. Bu isə daha rahatdır. "Aqrar Bank" yaradıb, regionlarda filiallarını açmaq vaxt tələb edəcək".