USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daşınmaz əmlak bazarı – 2020: Yeniliklər və gözləntilər

13.05.2020 İnşaat və Əmlak
1 0
2020-ci ildə daşınmaz əmlak bazarında yeniliklər və gözləntiləri Value&Sources Consulting şirkətinin direktoru Rəşad Əliyev şərh edir.

Tikinti sektorunda vergiqoyma sistemi…

Bu il daşınmaz əmlak bazarında çoxlu hadisələrin və yeniliklərin baş verməsi gözlənilirdi. Baş vacib yeniliklərdən biri vergiqoyma sistemində olan dəyişikliklərdi. Bilirsiniz ki, artıq 2020-ci ildən etibarən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən bina tikintisi ilə məşğul olan şəxslər vahid vergi rejiminə keçməklə ƏDV və mənfəət vergisi ödəyicisi oldular. Dəyişikliklərdən əvvəl isə vergi ödəyicisinin iki vergi rejimindən birini seçmək imkanı var idi: ya sadələşdirilmiş vergi sistemi üzrə, ya da ƏDV və mənfəət vergisi ödəyicisi kimi. Bu dəyişiklik ilkin bazarda mənzillərin satış qiymətinə təsir göstərə bilmədi. Baxmayaraq ki, ilkin bazarda mənzillərin qiymətlərinin artımı ilə bağlı şayiələr də gəzirdi.

Hüquqi şəxslər üçün xoşagəlməz “sürpriz”…

Digər mühüm yenilik, hüquqi şəxslər tərəfindən daşınmaz əmlak bazarında aparılan əməliyyatların vergi rejimindəki dəyişikliklərdi. Belə ki, əvvəl təkrar bazarda yaşayış və qeyri-yaşayış sahələri satan hüquqi şəxslər əməliyyat üzrə fiziki şəxslər kimi sadələşdirilmiş vergi ödəyirdi. Lakin bu ildən etibarən, vergi ödəyicisi cari fəaliyyətini hansı vergi rejimində həyata keçirirsə, yaşayış və qeyri-yaşayış sahələrinin satışı üzrə də eyni vergiləri ödəyəcək. Məsələn, ƏDV ödəyicisi olan hüquqi şəxs bu əməliyyatlardan ƏDV və mənfəət vergisi ödəyəcək. Sonuncu yeniliyi mən olduqca mənfi qiymətləndirirəm və hesab edirəm ki, bu hüquqi şəxslərin investisiya fəaliyyətinə mənfi təsir göstərəcək. Burda məntiqsizlik də var. Necə ola bilər ki, qazanc eldə etmək məqsədi ilə əməliyyat aparan sahibkar fiziki şəxs vergini bir rejimlə, hüquqi şəxs başqa rejimlə ödəsin. Burda biznesin aparılmasının təşkilati formalarından birinə qarşı diskriminasiya mövcuddur.

Sosial icarə…

İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil layihəsinə verdi. Başlanğıcı uğurlu hesab etməsəkdə gələcəyə ümid böyükdür. Layihənin gerçəkləşdirilməsi tikinti sektoru üçün müsbət dinamika verəcək.

Pandemiya və karantin…

İlin əvvəlində əmlak bazarında aktivlik elə də yüksək olmayıb. Bazarda olan aktivlik əsasən ipoteka kreditləşməsi hesabına olub. Bu da bazarın ancaq müəyyən seqmentini əhatə edib. İpoteka kreditləşməsi predmeti olmayan əmlaklar üzrə aktivlik səviyyəsi nisbətən aşağı olub. İlin əvvəlində müşahidə edilmiş nisbi passivlik pandemiyanın yayılması ilə əlaqədar neftin qiymətinin aşağı düşməsi və bunun iqtisadiyyata potensial təsiri gözləntiləri ilə bağlı olub. Sonradan bu gözləntilər özünü doğruldub və bazardakı aktivlik daha da aşağı düşüb. Karantin dövrü isə daşınmaz əmlak bazarını tam olaraq çökdürüb. Bu da normal haldır, karantin dövrü daşınmaz əmlakla bağlı əməliyyatlar üçün uyğun vaxt deyil. Karantin rejimi tətbiq edilən bütün ölkələrdə bu müşahidə olunur. Fərq ancaq təsirin az və ya çox olmasındadır. Bu şəraitdə bir çox ölkələrdə əmlak agentlikləri onlayn rejimdə işlərin aparılmasına daha çox diqqət etməyə başladılar. Bu işlər təşkilatı işlərə aiddir,məsələn müştəri ilə ünsüyyət, müştəri axtarışı və s. Sözsüz ki, onlayn alqı satqıdan getmir söhbət. Daşınmaz əmlakın xüsusiyyəti də odur ki, digər əmlaklardan fərqli olaraq onun satışı onlayn rejimdə mümkün deyil bizim reallıqda. Bu səbəbdən də karantin rejimində ancaq bazarın dayanmasını müşahidə etmək olardı.

Hazırda əmlak alışı üçün uyğun vaxt hesab edilmədiyindən bazardan yaxın dövrdə böyük aktivliyi gözləməyə dəyməz.

Bu artıq təkcə pandemiya ilə əlaqəli deyil. Hazırki, dövrdə alıcıların bazara qayıtması üçün 4 şərt lazımdır: 1. Ucuz qiymətlər – qiymətlərin əhəmiyyətli enməsi müştəri cəlb edə bilər, lakin qiymətlərdə əhəmiyyətli eniş görmədiyimiz üçün biz bunu müşahidə etmirik.

2. Makroiqtisadi dayanıqlığın gələcəkdə də təmin edilməsi. Bu, əmlakın investisiya cəlbediciliyə təsir edəcək.

3. Əmlak alışı üçün ucuz maliyyə resurslarının mövcud olması. Məsələn İpoteka kreditləşməsi əvvəlki tempdə bərpa olunsa və ya daha da artırılsa bir sıra seqmentlər üzrə aktivlik artacaq.

4. Postpandemiya dövründə əhalinin gəlirlərinin bərpası və əvvəlki artım tempinin bərpası.

Əlavə şərtlər də ola bilər, ancaq reallıq odur ki, əmlak bazarının sürətli bərpasını gözləməyə dəyməz. Bu cür artımın iqtisadi məntiqi də yoxdur.

Müəllif: Rəşad Əliyev, ekspert

  • Əvvəlki

    Bağlanan banklarda “audit təhrifi” - Bəs hesabatları kim aparıb?

Digər xəbərlər