USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vətəndaşlara sökülən evlərə görə kompensasiya bu şərtlərlə verilməlidir - Ekspert açıqlayır

20.04.2023 İnşaat və Əmlak
24 8
“Əgər vətəndaşların evləri sökülüb köçürülürsə, mütləq şəkildə ərazi üzrə qiymətləndirmə aparılmalı, həmin ərazidə olan qiymətlərə uyğun vətəndaşa pul verilməli və yaxud evin ölçüsü çox kiçikdisə, onun otaq sayına uyğun ala biləcəyi digər binalardakı mənzillərin qiymətinə uyğun kompensasiya ödənilməlidir”.

Bu sözləri Kommersant.az-a əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev evləri sökülən vətəndaşlara verilən kompensasiyalar haqqında danışarkən deyib.

Ekspert bildirib ki, artıq uzun illərdir paytaxtın müxtəlif yerlərində söküntü işləri aparılır:

"2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 nömrəli sərəncamı ilə istismar müddətini bitirmiş çoxmənzilli yaşayış binalarının söküntüsünə başlayıb. Ondan əvvəlki və sonrakı illərdə artıq şəhərin mərkəz ərazilərində fərdi yaşayış evlərindən ibarət olan köhnə yaşayış massivləri sökülərək yeni tikilən binalarla əvəzlənir. Lakin bəzi ərazilərdə söküntü işləri aparsalar da, həmin yerlər bina deyil, park və ya dövlət əhəmiyyətli binaların tikintisi üçün nəzərdə tutulub".

Elnur Fərzəliyev qeyd edib ki, paytaxt ərazisində qiymətlərdə ciddi artım baş verir:

"Son 10 ilin statistikasına baxsaq görərik ki, qiymətlər artan xətt üzrə gedir. Lakin vətəndaşların aldığı kompensasiyalarda elə də ciddi bir dəyişiklik yoxdur”.

Elnur Fərzəliyev bildirib ki, mərkəzi ərazilərdə yerləşən fərdi həyət evlərinin bəzilərində otaq sayı az, ölçüsü kiçik olur. Lakin insanlar burada öz həyatlarını qurub:

“Məsələn, bir vətəndaşın mənzili üç otaqdan ibarət, ümumi sahə təxminən 45-50 kvadratdır, lakin mərkəzə yaxın ərazilərdə yerləşir. Bu evə görə həmin vətəndaşa ödənilmiş kompensasiya ilə o ərazidə yeni evi ala bilmir. Ona görə də şəhər kənarından ev almağa məcbur olur.
Təbii ki, bir vətəndaş uzun illər bir ünvanda yaşayırsa, artıq öz infrastrukturunu, işini, ailəsinin, uşaqlarını təhsilini, məktəbini yaşadığı yerə uyğun hesablayaraq qurub. Bu gün həmin vətəndaşın evi sökülüb, köçürülmə işləri aparılırsa, mütləq şəkildə vətəndaşa ya həmin əraizdə ev verilməli, ya da həmin ərazidə ev ala biləcək qədər məbləğ ödənməlidir. Bundan əvvəlki problemlemlərə baxsaq görərik ki, "Sovetski"də də bu cür problemlər yaşanıb. Hələ də orada evləri sökülənlərin bir hissəsi narazı kütləyə çevrilib ki, aldıqları kompensasiyadan razı deyillər.

Nəzərə alsaq ki, həmin evlər çoxdan tikilmişdi, paytaxtın ümumi görüntüsünə estetik xələl gətirirdi. Qəzalı ərazi sayılır, sökülməli və köçürülməlidir. Çünki mərkəz hissədə bu cür massivlərin olması inkişaf etmiş Bakının gözəlliyinə xələl gətirir. Amma burada vətəndaşın mülkiyyəti varsa, toxunulmazdır. Əgər bu əmlaklar sökülürsə, o zaman vətəndaşların hüquqları tam qorunmalıdır”.

Ekspert əlavə edib ki, bu işləri bəzi hallarda özəl şirkətlər görür və dövlət də onlara dəstək olmalıdır:

“Lakin bu halda vətəndaşların da hüquq pozulmamalıdır. Ancaq bəzən əksinə olur. Ərazidən köçmək istəməyən insanlara görə tikinti işləri ləngiyir, tikinti şirkətləri də üzərlərinə götürdükləri öhdəlikləri vaxtında yerinə yetirə bilmir. Ona görə də bu işlər bazar araşdırması üzrə aparılmalıdır”.

  • Əvvəlki

    İlham Əliyev: Azərbaycan-Kuba əlaqələri bu gün uğurla inkişaf etməkdədir

Digər xəbərlər