Bu ilin 1-ci rübü ərzində vergi orqanlarına 108.117 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz azdır.
Kommersant.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, müraciətlərdən 94,1 faizi ərizə, 5,8 faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub.
Daxil olmuş müraciətlərdən 88,6 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 11,4 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 61,8 faizi həll olunub, 36,6 faizi barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Hesabat dövründə baxılmış faktiki şikayətlərdən 1.142-si həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, şəxsi hesab vərəqələri, sosial sığorta ödənişləri, vergi ödəyicisinin qeydiyyatı, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və əvəzləşdırılməsi, vergi borcu və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 113, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.