Qarabağ Azərbaycandır!

Evlərin rayonlar üzrə satış qiymətləri - SİYAHI, AÇIQLAMA

11.09.2018 İnşaat və Əmlak
"Daşınmaz əmlak bazarında son 1ay ərzində qiymət demək olar ki, stabil qalıb".

Bunu "Kommersant.az"a açıqlamasında daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, il ərzində isə 2,44% artım qeydə alınıb:

"Daşınmaz əmlak bazarındakı sabitliyə tələb-təklif nisbəti, alıcılıq qabiliyyəti təsir göstərir. Əhalinin alıcılıq qabiliyyətində son 1 ildə əhəmiyyətli artım yoxdur. Bəzi banklar krediti yalnız iş adamlarına verir. Daşınmaz əmlak bazarına isə bank kreditlərindən yatırım gəlmir. Tikinti sektoruna pul axını yalnız əhalinin yığımındandır. Hazırda vətəndaşlar daha çox yeni tikililərdə, ikiotaqlı mənzillərə üstünlük verirlər".

Ekspert qeyd edib ki, evlərin 1 kvadratmetrinin dəyəri 1629 manatdan 1603 manata düşüb:

"Ay ərzində 1,57% azalma olub. Ötən illə müqayisədə isə 2,17% artım qeydə alınıb. İlkin mənzil bazarında qiymət dəyişməyib - 1204 manat. Ötən illə müqayisədə 9,75% azalma var. Bu, təklifdə artımla bağlıdır. Torpaq bazarında son 1 ay ərzində 0,24% artım müşahidə edilib. Ötən illə müqayisədə 12,04% artım var. Kirayə mənzil bazarında evlərin 1 kvadratmetrinin dəyəri 843 manatdan 876 manata qədər bahalaşıb. Ay ərzində artım 3,83%-dir, il ərzində isə artım yoxdur. Kommersiya obyektlərində isə kvadratmetrin dəyəri 2601 manatdan 2582 manata düşüb. Ay ərzində azalma 0,72%, il ərzində isə 5,89%-dir. Obyektlərin icarəsi bazarında 1 kvadratmetrin dəyəri artaraq 14,35 manatdan 14,50 manata çatıb. Ay ərzində artım 1,07%, il ərzində isə 9,18%-dir. Həyət və bağ evlərinin qiymətində də artım var. Aylıq artım 0,74%, illik isə 5,48%-dir".

N.İbrahimov Bakının rayonları üzrə mənzillərin kvadratmetrə görə satış qiymətlərini də açıqlayıb:

"Evlərin 1 kvadratmetrinin dəyəri Xırdalanda 936.7 manat, Binəqədi rayonunda 1473.9 manat, Nəsimidə 1953.3 manat, Nərimanovda 1734 manat, Nizami rayonunda 1953.3 manat, Pirallahıda 793.9 manat, Qaradağda 994.5 manat, Sabunçuda 1195.1 manat, Səbaildə 2432.7 manat, Suraxanı 1045.5 manat, Xətaidə 1429.7 manat, Xəzər rayonunda 953.7 manat, Yasamalda 1696.6 manatdır".

Daşınmaz əmlak eksperti vurğulayıb ki, ilin sonunadək mənzil satışında 4% civarında artım gözlənilir:

"Kirayə bazarda isə artımın daha çox - 5%-dək olacağı gözlənilir. Torpaq bazarında isə artım gözlənilmir".