USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının ən zəngin icra başçısı kimdir?

10.12.2018 İqtisadiyyat
0 0
Ölkənin ən varlı məmurları arasında paytaxt rayonlarının icra hakimiyyəti başçıları xüsusi yer tutur. Bəs Bakının ən varlı icra başçısı kimdir?

İstisnasız iddia edə bilərik ki, Azərbaycanda ən varlı təbəqənin məmurlar olduğu heç kimdə şübhə doğurmur. Məmurların böyük bir qisminin vəzifə səlahiyyətlərindən istifadə edərək böyük pullar qazandığının da Azərbaycanda artıq uşaqdan böyüyə hər kəsə bəlli olduğunu söyləyə bilərik. Məmur oliqarxiyası bir tərəfdən büdcə vəsaitlərini talan edir, digər tərəfdən isə vəzifə səlahiyyətlərini aşıb sahibkarlara "xərac" kəsərək ciblərini doldurmaqla məşğul olurlar. Orta və kiçik sahibkarlara ən çox "xərac" kəsən məmurlar da icra başçıları və vergi müfəttişləri idi. Doğrudur, son zamanlar vergi müfəttişlərinin xərac toplaması bir qədər azalsa da, rayonlarda bu hallar hələ də davam etdiyi bildirilir.
İcra başçıları təkcə büdcə talanı ilə, sahibkarlara "xərac" kəsməklə ciblərini doldurmurlar. Həmçinin müxtəlif səbəblərdən icra hakimiyyətlərinə üz tutan vətəndaşlardan da rüşvət tələb olunur və minlərlə vətəndaşdan hər ay külli miqdarda qeyri-qanuni gəlir əldə edilir.

Son aylara qədər Bakinin icra başçılarının ən çox qeyri-qanuni qazanc əldə etdikləri sahələrdən biri isə torpaq satmaq və tikintiyə icazə verilməsi olub. Bu sahədən toplanan pulların hesabını aparmaq isə faktiki olaraq mümkün deyil. Çünki bu pullar bir qayda olaraq çoxsaylı "maklerlər"in araçılığı ilə toplanır və ünvana görə çatdırılır. Hətta bir ara mediada bəzi icra hakimiyyəti başçılarının tikinti sahəsini nəzarətdə saxlaya bilmək üçün "qoçu dəstələri" saxlamaları barədə iddialarda yer almışdı ki, yazılanlara görə, hər cür qanunsuzluğa yol verən bu "qoçu dəstələri"nə kimsə bir söz deyə bilmirmiş.

Süleyman Mikayıov Bakının ən çox qazanan başçısı hesab olunur

Mediada yer almış təkzib olunmayan informasiyaları və qaynaqlarımızdan əldə etdiyimi bilgilərə əsaslanaraq deyə bilərik ki, ölkənin ən varlı məmurları arasında paytaxt rayonlarının icra hakimiyyəti başçıları xüsusi yer tutur. Bəs Bakının ən varlı icra başçısı kimdir? Biz bu suala cavab axtarmağa çalışdıq. Bakıda baş verənlərdən xəbərdar olan bir neçə şəxsin bu barədə rəyini aldıq. Həmsöhbətlərimzdən bəziləri Bakının ən pullu rayonları arasında Binəqədi, Sabunçu, Abşeron rayonlarının adlarını da çəksələr də, hamısının gəldiyi yekun rəy belə oldu ki, Bakı rayonları arasında ən çox pul gətirən inzibati-ərazi vahidi Qaradağ rayonudur.

Müsahiblərimiz bunu bir neçə aspektdən izah etdilər:

1. Qaradağ rayonu Bakının ən çox sənayeləşmiş rayonudur. Ölkənin ən böyük sənaye zavodları məhz Qaradağ rayonunda yerləşir;
2. Qaradağ rayonuda ölkənin ən böyük daş karxanalarının yerləşməsi;
3. Qaradağ rayonunun Bakıya yaxın ərazidə ən çox boş torpaqların olduğu rayon olması;
4. Qaradağ rayonunda ölkənin ən böyük topdansatış və pərakəndə bazarları olan "Sədərək", "Binə" və "Meyvəli" Ticarət Mərkəzlərinin yerləşməsi;
5. Bakı Dəniz Limanının Qaradağ rayonuna köçürülməsi.

Bir imza üçün 100 min manat…

Bundan başqa təbii ehtiyatları ilə zəngin olan rayonun gəlir gətirən başqa sahələri də var.

Qeyri-rəsmi şəraitdə keçən söhbətlər zamanı həmsöhbətlərimiz ayrı-ayrılıqda Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun Bakının ən varlı icra başçılarından biri və bəlkə də birincisi olması qənaətinə gəldilər. Həmsöhbətlərimizdən biri bir neçə il əvvəl özünün şahidi olduğu hadisəni danışır: "Bir neçə il əvvəl Qaradağ rayonunda inşa edilən uşaq bağçasına kiçik elektrik yarımstansiyası quraşdırmaq üçün tenderi udan dostlarımdan birinə smetanın təsdiq edilməsi üçün Süleyman Mikayılovun imzası lazım idi. Dostum buna görə 50 min manat verməyə razı idi və məndən dolayısı ilə vasitəçi olmağı xahiş elədi. İcra hakimiyyətində yaxın münasibətdə olduğum vəzifəli şəxslə görüşdüm və dostumun təklifini çatdırdım. Bir neçə gündən sonra mənə dedilər ki, başçı imza üçün 100 min manat tələb edir. Dostum naəlac qalıb verdi o pulu. Amma sonra elektrik yarımstansiyası necə quraşdırıldı, o da məlumdur. Təbii ki, dostumun başçıya verdiyi 100 min manat elektrik yarımstansiyanın tam gücü ilə işləyə bilməməsinə səbəb oldu. Halbuki dostum 50 min verəcəyi təqdirdə heç bir natamamlığın olmayacağına təminat verirdi. (Yəqin "Azərenerji"nin yeni rəhbərliyi bu cür məsələlərin araşdırılması ilə məşğul olacaq). Belə layihələrdən isə Qaradağ rayonunda çox olub. , İndi özünüz düşünün, bir imzaya görə 100 min alanlar nə qədər qazanırlar".
Başqa bir həmsöhbətimiz isə bildirir ki, Süleyman Mikayılovun Lökbatan və ətrafında tikinti işlərindən topladığı pulları ancaq xəyal eləmək olar. Qaradağın icra baçısı bu böyük ərazidə hər kvadratmetri belə nəzarətdə saxlayır və torpaq sahələrinin satışından qeyri-qanuni yollarla, rüşvət şəklində çox böyük pullar toplanılır. Mənbənin bildirdiyinə görə, bir neçə dəfə Mikayılovun "nəzarətçiləri" ona "atmağa" çalışıblar və buna görə də ağır cəzalanıblar. Ümumiyyətlə isə Qaradağ rayon İcra Hakimiyyətində də, icra hakimiyyətinə tabeçiliyi olan və olmayan qurumlar da da başçıdan qorxurlar. Ona görə də hər kəs hesabında dəqiq olmağa çalışır.

Süleyman Mikayılovun "votçinası" – Daş karxanaları

Süleyman Mikayılovun əsas gəlir mənbələrindən biri də Qaradağda fəaliyyət göstərən saysız daş karxanalarıdır. Əslində bu daş karxanalarında əmək prossesi orta əsrlərdəki kimidir. Yəni burda ağır zəhmətlə çalışan insanların əmək hüquqları qorunmur. İlk olaraq onu deyək ki, daş karxanalarında çalışan fəhlələr ortalama sutkada 14-18 saat çalşırlar. Onların heç bir sosial təminatı yoxdur. Burada bədbəxt hadisə baş verərsə (Qaradağ karxanalarında qəza tez-tez olur), həmin fəhlələrin ailələri də heç bir sosial kompensasiya ala bilmirlər. Çünki burada günəmuzd çalışan insanların böyük heç birinin əmək müqaviləsi yoxdur. Əmək Müfəttişliyi bunu yaxşı bilsə də öz işini karxana sahiblərindən "aylıq" almaqla bitmiş hesab edirlər. Orada çalışan insanların orta əsr qaydaları ilə çalışması isə müfəttişlərin vecinə belə deyil.
Karxana sahiblərinin mütləq "aylıq" verdikləri əsas ünvan isə Qaradağ rayon İcra Hakimiyyətidir. Burada Süleymanın kəsdiyi "racona" bir kimsə "yox" deyə bilməz. Çünki "yox" dediyi anda həmin karxanada o qədər "çatışmazlıqlar" ortaya çıxır ki, həmin obyekt bağlanmalı olur. O üzdən heç kim Süleyman Mikayılovun adamlarını birinci yola salmağa çalışır. Hət ay toplanan pulların həcmi isə milyonlarla ölçülür.

Bundan başqa, Qaradağda Süleyman Mikayıovun özünə və yaxın adamlarına məxsus olan çoxlu sayda karxanalar fəaliyyət göstərir ki, bu karxanalar da başçının kisəsini heç də az doldurmur.

Bundan başqa icra başçısına gəlir gətirən çoxlu sayda başqa mənbələrin də olduğu bildirilir.

Sərvətinin böyük hissəsini çoxdan ölkə xaricinə çıxarıb

Həmsöhbətlərimizdən biri bildirir ki, Süleyman Mikayılovun özü və yaxınlarının həyat tərzi milyarder oliqarxların həyat tərzindən heç nə ilə fərqlənmir. Başçının elə vilları var ki, orada ən azı 5-10 xidmətçi personalı çalışır. Onların hər birinin əmək haqqı isə 500-1000 manat arasında dəyişir. Başçının belə villalarının isə Bakıda bir neçə yerdə olduğu qeyd olunur.

Həmsöhbətimiz ümumilikdə Süleyman Mikayılovun sərvətini təxminən 300 – 350 milyon dollar arasında qiymətləndirir. Onun sözlərinə görə, bu sərvətin böyük bur hissəsi artıq çoxdan ölkə xaricindədir.

Azərbaycanda az miqdarda mülklərinin və biznes obyektlərinin olduğunu qeyd edən həmsöhbətimiz qeyd edir ki, Süleyman Mikayılovun əsas sərvəti çoxdan offşor zonalarına köçürülüb. Bununla belə, Qaradağın ağası təkcə Azərbaycanda yox, İngiltərədə və Türkiyədə də ciddi sayılacaq əmlaka sahibdir.

Bu yaxınlarda mətbuatda yayılan məlumatlarda isə bildirilirdi ki, Qaradağ rayonunun idarəçisi ABŞ-da qiyməti 2 milyon dollardan artıq olan bir villa alıb. Bu məlumatı təsdiq etmək üçün əlimizdə heç bir dəlil olmadığını vurğulayaraq bildiririk ki, əslində Süleyman Mikayılovun hansı şəraitdə belə bir varidata malik olmasını təxmin etmək o qədər də çətin deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, icra başçısının hər ay milyonlarla manat qanunsuz gəlir əldə etməsi üçün çoxlu sayda mənbələr mövcuddur.

Həmsöhbətlərimizdən birinin sözlərinə görə yaxın günlərdə Süleyman Mikayıovun da vəzifəsini və imkanlarını itirməsi istisna olunmur. Bu, hətta gözlənilir. Lakin Mikayilovun uzun illər boyu müxtəlif vəzifələrdə qazandığı pullar, xüsusən də ölkə xaricinə çıxarılan böyük sərvət onu deməyə əsas verir ki, Süleyman Mikayılov kimilər vəzəifədən alınsalar da onların krallar kimi yaşaması üçün topladıqları sərvət 50-100 il yetərlidir.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq…

Mənbə: Cümhuriyət

  • Əvvəlki

    Bank Respublika istehlak kreditləri üzrə faiz dərəcəsini 18%-ə endirdi

Digər xəbərlər

04.12.2024 İqtisadiyyat
Morgan Stanley proqnozunu yeniləyib
0 0
03.12.2024 İqtisadiyyat
Qızıl bahalaşacaq - AÇIQLAMA
0 0