Hadı Rəcəbli maaşlardan - DANIŞDI

22.12.2018 İqtisadiyyat
Azərbaycan Prezidenti İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamı dövlət başçısının aztəminatlı ailələrə qayğısının daha bir nümunəsidir.

"Kommersant.az" bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Prezident İlham Əliyev aztəminatlı ailələrlə bağlı mütəmadi olaraq bu cür tədbirlər görür, onların rifah halının yaxşılaşdırılması üçün addımlar atır:

"Azərbaycanda sosial siyasət daim proritet istiqamətlərdən biri olub və ölkə başçısı aztəminatlı insanlara heç vaxt qayğısını əsirgəməyib. Çünki Azərbaycan dövlətinin sosial müdafiə siyasətinin əsasında insan amili və onun rifahı dayanır".

Komitə sədri söyləyib ki, sosial siyasət daim dövlət büdcəsində də əsas istiqamət olub, bütün nəzərdə tutulan sosial layihələr həyata keçirilib: "2019-cu ilin dövlət büdcəsi də sosial yönümlüdür. Dövlət büdcəsi tərtib olunarkən ilk növbədə sosial layihələr nəzərə alınıb".

H.Rəcəbli vurğulayıb ki, indiyə qədər Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən bir çox layihələr və dövlət proqramları əhalinin sosial müdafiəsini gücləndirməyə, insanların sosial rifahının yaxşılaşdırılmasına yönəlib: "Bütün bu işlərin nəticəsidir ki, 15 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib".

Qeyd edək ki, Prezident İlham Əliyevin Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında 2018-ci il 19 dekabr tarixli sərəncamı ilə dekabrın 28-nə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

Trend