Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2019-cu il tarixdən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) aylıq 10 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 20 manat sadələşdirilmiş vergi ödəməli və sadələşdirilmiş verginin ödənilməsi barədə qəbz almaqla öz vergi öhdəliklərini yerinə yetirməlidirlər. Bu zaman ofisiantla şadlıq evini işlədən vergi ödəyicisi arasında əmək müqaviləsinin bağlanmasına zərurət yaranmır.
"Kommersant.az" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, vergi ödəyicisi "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Vergi ödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcısında və ya elektron qaydada "Sabit verginin ödənilməsi haqqında qəbz" verilir. Bu barədə Vergi Məcəlləsinin 220.10-cu maddəsində qeyd olunur.