USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Konstitusiya Məhkəməsi pensiya ilə bağlı qərar verdi

23.06.2020 İqtisadiyyat
0 2
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.2-ci, 1.0.5-ci və 20.14-cü maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 20.1.11-ci, 20.14-cü və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 1-ci və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olaraq təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir.

"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən "sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.2-ci, 1.0.5-ci, 9.5-ci və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin olunduqdan sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.