USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məhsula ömürlük təminat verən brendin yaradıcısı

03.12.2020 İqtisadiyyat
0 0
İlyas Danilov: "Bəzi müştərilərimiz var ki, timsah dərisindən ayaqqabı istəyir”

Diqqət mərkəzində olmağı, fərqli işlər görməyi, yaşıdlarından seçilməyi sevir. Hətta, işinə o qədər bağlıdır ki, məclislərdə belə insanların ayağına baxır, onları xarakterlərinə görə analiz edir. "Biznes" rubrikamızın budəfəki qonağı "Danilov" yerli ayaqqabı brendinin yaradıcısı İlyas Danilovdur.

- Müsahibələrinizin birində "13 yaşından işləmişəm və bununla fəxr edirəm" deyibsiniz. Maraqlıdır, İlyası 13 yaşında işləməyə vadar edən səbəblər nələr idi?

- Məcburiyyət... Həyatda bəzən elə məqamlar olur ki, sən bu addımı atmağa məcbur qalırsan. Mən o yaşda anladım ki, işləməli və ailəmə kömək etməliyəm. Bəlkə də həmin dövrdə yaşadığımız sıxıntılar olmasaydı, iş həyatına bu qədər tez atılmazdım. Həm də kiçik yaşlarımdan ambisiyalarım olub. Uşaqlıq dövrümdən düşünmüşəm ki, mən fərqli insan olmalıyam.

- Ailə vəziyyətinizdən danışdınız. Necə bir ailədə böyüyübsünüz?

- Əslində, kifayət qədər zəngin ailədə doğulmuşam. 90-cı illərin əvvəllərində vəziyyətimiz çox yaxşı idi. Bir müddət sonra bəzi səbəblərdən həyat şəraitimiz dəyişdi və işləməli oldum. Açığı, o dövrdə məni işləməyə heç kim məcbur etmirdi, özüm bu hissi duyurdum.

- O illərdə hansı sahələrdə təcrübəniz olub və bu sizə nə qazandırıb?

- İlk iş yerim internet kafe, gündəlik qazancım isə həmin vaxtın pulu ilə "5 məmməd" idi. Daha sonra yanacaqdoldurma məntəqəsində, yayda dəniz kənarında ofisiant, əvvəlki "Sədərək" ticarət mərkəzində arabaçı və satıcı kimi çalışmışam. Müxtəlif sahələrdə işləmişəm və buna görə də heç vaxt utanmamışam. Düşünmüşəm ki, halal pulumu qazanıram, gördüyüm işdən utanmamalıyam. Əksinə, iş nə qədər çətin və yorucu olurdusa, daha çox ləzzət alırdım.

- "Sədərək"də araba sürdüyünüz dönəmlərdə bir gün brend yaradıcısı olacağınızı düşünürdünüzmü?

- Özümü tanıdığım vaxtdan hiss edirdim ki, nə isə fərqli işlər görəcəyəm. Amma nəyi, necə edəcəyimi bilmirdim deyə, bu, məni həyəcanlandırırdı. Hətta, bəzən qıcıqlandırırdı, düşünürdüm ki, özümü həyatda tapa bilmirəm. Digər tərəfdən də, yaşıdlarıma baxırdım ki, valideynlərinin hesabına dolanırlar, onda özümə təskinlik verirdim ki, az da olsa, nə isə etməyi bacarıram. Məsələn, 20 yaşımda özümə "Mercedes-190" markalı maşın hədiyyə etdim. Yəni kifayət qədər qazanırdım. Amma qazandığım puldan zövq almırdım. Çünki bilirdim ki, bu, ədəbi deyil, indi olan pul, gələn il olmaya bilər.

- 9-cu sinifdən məktəbdən çıxıbsınız və təhsillə bütün əlaqənizi kəsərək işləyibsiniz. Arada heç düşünürsünüzmü ki, ali təhsil alsaydınız, nələrsə fərqli ola bilərdi?

- Çıxmamışam, qovublar. Məktəb vaxtı çox nadinc uşaq olmuşam, bir yerdə dura bilmirdim. Düzdür, indi də dura bilmirəm, amma uşaq vaxtı bundan betər idim (gülür). Diqqət mərkəzində olmağı sevirəm. Digər uşaqlardan fərqlənmək istəyirdim. Əslində, istəsəydim, yaxşı oxuyan uşaq olardım. Təhsilimi davam etdirib, ali məktəbə qəbul olsaydım belə, bu, ancaq və ancaq Azərbaycana Dövlət Mədəniyyət və İncəsənət Universiteti olardı. Uşaqlıqdan incəsənətlə maraqlanmışam. Amma həyat elə gətirdi ki, bu istəyim ikinci plana keçdi. Üstündən kifayət qədər vaxt keçməsinə baxmayaraq, hələ də o istək var. İndi hobbi kimi məşğul oluram. Ona görə, ali təhsil almadığım üçün nələrinsə başqa cür ola biləcəyini düşünmürəm.

- Özünüzə 20 yaşında maşın hədiyyə etdiyinizi qeyd etdiniz. Maraqlıdır, hazırda 31 yaşındakı İlyas 20 yaşlı gənclərə özlərinə hansı hədiyyəni almağı məsləhət görər?

- İlk olaraq məsləhət görərdim ki, "190" almasınlar (gülür). Yaxşı olardı ki, pulu hansısa biznes sahəsinə qoysunlar. Düzdür, mən məsləhət verirəm, amma bilirəm ki, qulaq asan yoxdur. Mənim çox gənc tanışlarım var. Hərdən oturub söhbət edəndə, məsləhət verirəm, lakin hiss edirəm ki, məni dinləsə də, dediyimi etməyəcək. Əslində, onları da başa düşürəm, çünki mən də elə olmuşam. 20 yaşımda özümə maşın aldığım üçün peşman deyiləm. Çünki onun ləzzətini indiki yaşımda duya bilməyəcəkdim. Ona görə, gənclərə məsləhət verərdim ki, nəyi ürəkdən istəyirlərsə, onu etsinlər.

- İlk biznesiniz ayaqqabı aksesuarı satışı sahəsində olub və batıb. Daha sonra başqa sahədə işləyərkən "Danilov" brendinin ilk addımlarını atıbsınız. Maraqlıdır, ikinci dəfə müflis olmaqdan qorxmurdunuz?

- (Gülür) Əlbəttə, qorxurdum. Hərdən düşünürəm ki, həyatımda heç vaxt stabillik olmayıb. Enişli-yoxuşlu həyat tərzi yaşamışam. Yüksələn və o yüksəklikdən enən vaxtlarım da olub. "Danilov"un ilk addımlarını atanda, bilirdim ki, artıq bu işdə səhv etmək haqqım yoxdur və etməməliyəm də. Bəzi insanların həyatda həmişə "B" variantları olur. Amma mənim yox idi. Ya öz işimi qurmalı, ya da kiminsə işçisi olmalı idim. Mən də birinci yolu seçdim.

- Dediniz ki, həyatınızda həm qalxan, həm də enən zamanlarınız olub. Bəs indi hansı mərhələni yaşayırsınız?

- İndi təyyarədə oturmuşuq, hər iş qaydasındadır və qalxmağa hazırlaşırıq.

- Bir az da yeni brend yaradarkən yaşadığınız çətinliklərdən danışaq.

- Yeni, xüsusilə də yerli məhsul yaratmaq çox çətindir. Çünki "Made in Azerbaijan" adı ilə istehsal olunan ayaqqabı markası, demək olar ki, mövcud deyildi. Digər tərəfdən, insanlarda yerli məhsulun keyfiyyətinə inam yoxdur. Bizim ilk çətinliyimiz bu sahədə idi. Həmçinin qiyməti də ucuz deyildi, bu baxımdan müştəri tapmaq müşkül məsələ olmuşdu. Qoyduğumuz qiymətləri görənlərin çoxu gülür, Azərbaycanda o qiymətə yerli marka ola bilməyəcəyini düşünürdülər. Amma qarşıma məqsəd qoymuşdum, bu brendi yaradacağam. Bəlkə də 8 ay gecə-gündüz demədən işlədim və bacardım. İşə başlayanda mənə gülənlər indi zəng vurub ayaqqabı istəyirlər.

- Əslində, çox yaxşı məqama toxundunuz. Həqiqətən də bazara yeni daxil olan bir brendin insanların inamını qazanması çətin olur. Siz bunu necə bacardınız?

- Ömürlük təminat və müştəri məmnuniyyətini əsas tutaraq. Məhsullarımıza ömürlük təminat verirəm və müştəri yanlış olsa belə, heç vaxt demirəm ki, səhvsiniz. Biz fəaliyyət göstərəndən bu günə qədər təqribən 1500-ə yaxın müştəridən, bəlkə də 2-si narazı olub. Amma bacardığımız qədər, müştərilərimizin narazı qalmamağı üçün çalışırıq. Ömürlük təminat məsələsinə gəlincə, ilk olaraq vurğulayım ki, dünyada belə bir təcrübə yoxdur. Lakin biz bunu edirik. Müştəri bizdən aldığı ayaqqabını nə vaxt olursa-olsun, gətirsin, ya biz onu bərpa edirik, ya da yenisini veririk. Bu, müştəri məmnuniyyəti üçün vacibdir.

- Yaşadığınız çətinliklərdən danışarkən "ayaqqabılarımızın qiyməti ucuz deyil" dediniz. Maraqlıdır, "Danilov" markasından geyinmək üçün cibimizdə nə qədər pulumuz olmalıdır?

- Bəli, ən əsas məsələ qiymətdir (gülür). Biz bazara daxil olarkən 250 manatla başladıq və insanlar deyirdi ki, bu qiymətə yerli ayaqqabı brendi olar? Amma mən heç vaxt endirim etmədim. Sadəcə, bircə dəfə 28 May tarixində - həm doğum günüm idi, həm də Cümhuriyyətimizin 100 illiyinə təsadüf edirdi deyə, bütün məhsullarımıza 100 manatlıq endirim etdik.

Qiymətlərimizdə maksimum qiyməti demək çətindir. Çünki bizdə sırf sifariş əsasında tikilir deyə, qiymət formalaşarkən istifadə olunan xammal, zəhmət nəzərə alınır. Amma bəzi müştərilərimiz var ki, timsah dərisindən ayaqqabı istəyir. Bunun qiyməti 2000 AZN-dən başlayır. Hətta elə istehlakçılar var ki, "tapoçka" sifariş verir və üzərində qızıldan dəmir istəyir. Onun qiyməti isə 1000 manatdan çox olur. Ayaqqabılarımızın baha olmasının əsas səbəbi əl işi olması və təmiz dəridən hazırlanmasıdır. Piton, timsah dərisindən ayaqqabılarımız var.

- Bir az da ayağımızı incidən, ayaqlarımızdan pis qoxu gəlməyinə səbəb olan məhsullardan danışaq...

- Əslində, ayaqqabı çox önəm verilməli əşyadır. Bəziləri evdən çıxanda, hansı paltarı geyinəcəyi haqqında düşünürsə, mən hansı ayaqqabını geyinəcəyimi fikirləşirəm. İnsanlar bilməlidir ki, ayaqqabı görüntüdür, sağlamlıqdır. Çünki ayaqqabı xarici görünüşü tamamlayan ən vacib elementdir. Siz bahalı paltar geyinib ucuz ayaqqabı geyinsəniz, heç olur, amma ucuz paltar geyinib bahalı ayaqqabı geyinsəniz, paltarın da qiyməti qalxacaq. Ayaqqabı narahat olanda, bu, bütün əhval-ruhiyyəmizə təsir edir. Narahatlığa səbəb isə ayaqqabı qəlibləridir. Qəlib forması elə seçilməlidir ki, ayaq rahat olsun. Bu da şəxslərdən asılı olaraq dəyişir. Ən əsas nüans isə odur ki, insan gərək ayağının necə bir ayaqqabıda rahat olacağını bilsin. Bəzisi sərt, kimisi yumşaq ayaqqabı sevir.

Qoxu məsələsinə gəlincə, bu, ayaqqabının materialından, yəni tikildiyi dəridən asılıdır. Təcrübə üçün bir ayaqqabını kəsib baxa bilərsiniz. Hətta, mağazalarda brend adı altında satılan bir çox ayaqqabıların içərisinə belə karton qoyulur. Bu da istər-istəməz, bir müddətdən sonra iyi verməyə başlayır. Amma bizdə isə ayaqqabı sırf individual olaraq müştərinin ayağının ölçüsünə özünün seçdiyi dəri materialından tikilir. Digər tərəfdən, ayaqqabı sırf dəri olsa belə, hər gün geyinməyin. Elə insanlar var aylarla eyni ayaqqabını geyinir. Bu, düzgün deyil. Bir ayaqqabını həftədə maksimum 3 dəfə geyinməlisən. Əks halda, 6 aya istənilən ayaqqabı deformasiyaya uğrayır.

- Yaxşı bir atalar sözü var: "Dost başa, düşmən ayağa baxar". Aydın məsələdir ki, siz ayağa baxırsınız...

- (Gülür) Yüzdə yüz elədir. Müştəri qapıdan addımını atdığı an, öncə ayağına baxıram və analiz edirəm. Onu da qeyd edim ki, ayaqqabısına baxıb hansı xarakterdə insan olduğunu anlaya bilirəm. Hətta, işdən kənar başqa bir məclisdə olanda belə, mütləq şəkildə insanların ayağına baxıram. Bəzən adam uzaqda olur, ayağını görə bilmirəm. Bu zaman necəsə yol tapıb yanına gedirəm və ayaqqabısını nəzərdən keçirirəm. Bu, inkişaf, yeni modellər üçün yaxşıdır.

- Məhsullarınızı ixrac edirsinizmi?

- Hələ ki, ixrac yoxdur, amma xaricdən müştərilərimiz var ki, sifarişlə onlar üçün ayaqqabı tikirik. Bizim bir üstünlüyümüz də ondadır ki, ayaqqabıların üzərinə loqo kimi "Made in Azerbaijan" yazısını vururuq.

- Son olaraq biznes qurmaq istəyən gənclərə tövsiyəsiniz nələrdir?

- İstək... sadəcə bunu deyə bilərəm. Hansı sahədə olursan ol, gördüyün işi dəlicəsinə sevməlisən. Pul qazanmağı düşünərək biznes qurmaq düzgün deyil. Təbii ki, pul vacib nüansdır, amma ilk deyil. Məncə, hər kəs işini sevərək görsə, heç bir sahədə problem olmaz.

Müəllif: Günel Azadə

  • Əvvəlki

    Satınalma üzrə mütəxəssis - VAKANSİYA

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0