İşsizliklə bağlı videosu yayılan qaziyə rəsmi cavab - Vakansiyaları izləmək tövsiyə edilib

19.04.2021 İqtisadiyyat
Dövlət Məşğulluq Agentliyi işlə bağlı videomüraciət edən qazi Nahid Məmmədova cavab verib.

"Kommersant.az"ın xəbərinə görə, Agentlikdən bildirilib ki, Cəlilabad rayon sakini, Vətən müharibəsi qazisi Məmmədov Nahid Saməddin oğlu və qardaşı Məmmədov Amid Saməddin oğlu 02.06.2020-ci il tarixdən 07.08.2020-ci il tarixə, həmçinin Amid Məmmədov təkrar olaraq 19.10.2020-ci il tarixdən 25.12.2020-ci il tarixə kimi “DOST İş” mərkəzi tərəfindən işlə təmin ediliblər.

“Hər iki qardaşın əmək müqaviləsinin müddəti başa çatdığı üçün müqaviləyə xitam verilib. Onlara mütəmadi olaraq 14 saylı Ərazi məşğulluq mərkəzi ilə əlaqə saxlamaq və ya elektron şəkildə vakansiyaları izləmək tövsiyə edilib. Sonrakı dövrdə yeni vakansiyalar yaransa da, qardaşlardan heç biri Ərazi məşğulluq mərkəzinə müraciət etməyiblər” – qeyd olunub.