Mənzil seqmenti "qara zona"dadır - TƏHLİL

24.07.2018 İqtisadiyyat
Bakı şəhərində aktiv fəaliyyət göstərən 200 hotelə qarşı 1000-1200 icarələnən apartment və özəl evlər təklif olunur.

Gəlmə turizmin inkişafı nəticəsində qonaqpərvərlik sənayesinin xidmətlərinə tələbat ilbəil artır.

"Kommersant" xəbər verir ki, mövsüm sərhədlərinin tədricən silinməsi qonaqların yerləşdirilməsi üçün daha çox və müxtəlif gecələmə təklifləri tələb edir. Bu kontekstdə orta və kiçik yerləşdirmə müəssisələrinə olan tələbatın kəskin şəkildə artdığını xüsusilə vurğulamaq lazımdır. Sahibkarlar və investorlar tərəfindən butik hotellərə, hostellərə, apartmentlərə, kənd evlərinə, kiçik obyektlərə müşahidə olunan maraq bir daha bu faktı təsdiqləyir.

Yerləşdirmə obyektlərinə təkcə hotellər deyil, eyni zamanda, öz xidmətlərini aktiv təklif edən, hostellər, kempinqlər, motellər, apartmentlər, rezidensiyalar, qonaq evləri, kənd və ferma evləri, dağ sığınacaqları, B&B hotellər və s. daxildir.

Beynəlxalq təcrübədə hər bir obyekt növü üçün standart tələblər tətbiq edilməkdədir və bu tələblər ölkələr üzrə bir-birindən fərqlənir. Ümumilikdə standartlar oxşardır və bütün sadalanan obyektlər bir məqsəd ilə fəaliyyət göstərirlər – yerli sakinlərin maraqları nəzərə alınaraq, turistləri təhlükəsiz və komfortlu şəkildə yerləşdirmək.

Hotellər, hostellər, kirayə verilən evlər, yəni rezidensiya və apartmentlər yerləşdirmə obyektləri hesab olunurlar və onlar üçün oxşar biznesin aparılma şərtləri - vergi sistemi, kommunal xidmətlərin tarifləri, sığorta öhdəlikləri, təhlükəsizlik normaları tətbiq edilir.

Qeyd edək ki, inkişaf etmiş bazarlarda, xüsusilə iri şəhərlərdə, meqapolislərdə yerləşdirmə obyektləri arasında rəqabət müşahidə olunur. Göstərilən xidmətlərin tələb olunan keyfiyyəti, qonağın təhlükəsizliyinin təmin edilməsi və qonşuları narahatlıqdan qoruyan normalara riayət olunması rəqabətədavamlılığın əsas göstəriciləri sırasına daxildir.

BAKIDA NƏ QƏDƏR HOTEL, HOSTEL, QONAQ EVİ VƏ İCARƏLƏNƏN MƏNZİL VAR?

Bakı şəhərinin də meqapolis olduğunu nəzərə alaraq, paytaxtın mərkəzi və mərkəzi rayonları üzrə yerləşdirmə təklifləri irəli sürən aqreqatorlarla tanış olaq:

Dünya nəhəngi hesab olan "Booking.com" aqreqatoru Bakı şəhəri üzrə 900-dən çox apartament, 200 hotel, 65 hostel və 130 villa, şəxsi və qonaq evləri təklif edir. Onlayn bronlaşmada digər lider "Tripadvisor" bir qədər məhdud təkliflərlə, 132 hotel, 159 B&B və mini-hotellər və təxminən o qədər, 157 vahid hostel, mənzil və digər yerləşdirmə imkanları göstərir. Qısamüddətli icarədə ixtisaslaşmış "Airbnb" isə 300-dən artıq gecələmə yerləri və 62 hostel təklif edir. "Homeaway" onlayn resursu 80-dən artıq icarə mənzil təklifləri edir. Yerli əmlak internet portalı "Bina.az" Bakının mərkəzində 1590, ümümilikdə şəhər üzrə isə 2760 icarələnən mənzil təklif edir. Ümumilikdə Bakı şəhərində aktiv fəaliyyət göstərən 200 hotelə qarşı 1000-1200 icarələnən apartment və özəl evlər təklif olunur.

MƏNZİL SEQMENTİ "QARA ZONA"DADIR

2016-ci ilin statistik göstəricilərində icarələnən mənzillərdə qalan xaricilərin sayı cəmi 115 nəfər göstərilir. Bu fakt bir daha sübut edir ki, mənzil seqmenti "qara zonadadır". Bəzi ölkələr biznesin bu sahəsinin "qara zonadan" çıxarılması üçün müvafiq addımlar atırlar. Məsələn, Rusiya Federasiyası orta və kiçik yerləşdirmə müəsissələrinin standartlarını ayrıca qanunverici sənədlə təsdiqləyib. Bir çox Avropa ölkələrində əmlakın icarəyə verilməsi zamanla məhdudlaşdırılıb – misal üçün, mənzil sahibi il ərzində 2-3 ay əmlakını icarəyə verə bilər, əmlak müvafiq standartlara cavab verməlidir və müvafiq dövlət və ya bələdiyyə qeydiyyatından keçməlidir. İcarəçilər bu qaydaları pozduqlarına görə 100 min avro cərimə edilirlər.

"Əgər şəxsi mənzilin və ya özəl evin sahibi əmlakını kirayə vermək arzusundadırsa, bu, təbii ki, onun hüququdur".

Bunu "Kommersant"a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, hər kəs mülkiyyətində olan mənzilini başqa şəxsə kirayə verə bilər:

"Başqa şəxs dedikdə, bura həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar aiddir. Mənzilini kirayə vermək istəyən şəxs, rəsmi müqavilə əsasında, icarə haqqından dövlətə 14 faiz vergi ödəməklə fəaliyyətə başlaya bilər. Fəaliyyəti qanuni hesab olunan şəxsə heç bir irad tutula bilməz".

Ekspert vurğulayıb ki, yerləşdirmə müəsissələri keyfiyyət standartlarını artırmaqla rəqabətə davam gətirə bilər:

"Əgər mehmanxanalar, istirahət mərkəzləri yüksək standartlara cavab versə, orada yüksək səviyyəli xidmət göstərilsə, evlərin xaricilərə kirayə verilməsi ciddi rəqabət törədə bilməz. Çünki onların hər birinin öz müştərisi var. Təbii ki, evlərin kirayə verilməsi daha ucuzdur. Əsas məsələ təhlükəsizliklə bağlıdır. Mehmanxanalarda təhlükəsizlik və xidmətlərin səviyyəsi şəxsi evlərə nisbətən yüksəkdir. Bu isə qiymət amilinə təsir göstərir".

Yazıda "Hotellər və Restoranlar Assosiasiyası"nın analitik məlumatlarından istifadə edilib.