USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL fırıldaqçılıqla məşğuldur? - RƏSMİ AÇIQLAMA

26.07.2018 İqtisadiyyat
0 0
Onlayn qaydada bilet alan sərnişinlər kibertəhlükəsizliklə əlaqələndirilən maneələrlə qarşılaşırlar.

"Kommersant.az" xəbər verir ki, naxçıvanlı deputatların 2011-ci ilin fevralında AZAL-dan Milli Məclis rəhbərliyinə şikayət etmələri, 2016-cı ilin mayında AZAL-ın "Gold Kart"ı ilə bağlı jurnalist Anar Şabanoğlu ilə təhlükəsizlik xidmətinin əməkdaşı və növbə rəisi arasında baş verən qalmaqal, həmin ilin avqustunda AZAL-ın işçisindən şikayət edən xanımın təhlükəli şəxs adlandırılaraq xüsusi şəkildə yoxlanılması, iyun ayında isə Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsinin eniş edə bilməməsi və məcburən geri qayıtması nəticəsində növbəti reys elan olunana qədər sərnişinlərə hava limanı ərazisini tərk etməyə icazə verilməməsi, onların qida və içki ilə təminatının unudulması və s. Siyahı təkcə sadaladığımız faktlarla bitmir. Xatırladaq ki, idmançı Kamil Zeynallının 2016-cı ilin oktyabrında "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarədə qeyri-etik hərəkətləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdı. AZAL-dan verilən rəsmi məlumatda Kamil Zeynallının adının "arzuolunmaz sərnişinlər siyahısı"na əlavə oluna biləcəyi bildirilsə də, ictimai qınaq öz nəticəsini göstərməmişdi.

Bu günlərdə isə AZAL ilə bağlı daha bir problem ictimailəşib. Belə ki, "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) onlayn qaydada bilet alan bəzi sərnişinlər ciddi problemlərlə üzləşdiklərini bəyan ediblər. Onlar sosial şəbəkələrdə qeyd ediblər ki, onlayn qaydada bilet alsalar da bəzən texniki problemdən səfərlərini reallaşdıra bilmirlər. Həmin sərnişinlər arasında tanınmış iş adamı Xəyal Məmmədxanlı da var. O, "Facebook" səhifəsində yazıb ki, onlayn qaydada Naxçıvana bilet alsa da aviaşirkətdən asılı olan səbəblərə görə səfər edə bilməyib. "AZAL, Sən Azərbaycan adına ləkəsən!" adlı yazıda sığorta mütəxəssisi onlayn qaydada bilet alarkən baş vermiş texniki yanlışlığa görə ikitərəfli biletindən imtina etməli olduğunu deyib və AZAL-ı fırıldaqçılıqda ittiham edib:

"Bu amil Naxçıvana getməyimə mane oldu, AZAL isə texniki səhvi nəzərə almadı".

Qeyd edək ki, onlayn qaydada bilet alan sərnişinlər kibertəhlükəsizliklə əlaqələndirilən maneələrlə də qarşılaşırlar. Belə ki, əgər kart sahibi olmayan bir tanışımız üçün öz kartımız vasitəsilə təyyarə bileti alırıqsa, AZAL-ın tələbinə görə, həmin bank kartının orijinalını qeydiyyat zamanı hava limanında təqdim etməliyik. Yəni təbii ki, prosedurdan sonra kartı geri götürmək üçün kart sahibi də hava limanına getməli olur.

Məsələyə aydınlıq gətirmək üçün AZAL-ın mətbuat kabibi Paşa Kəsəmənski ilə əlaqə saxladıq. O bildirdi ki, kibertəhlükəsizliklə bağlı qaydalar dəyişməyib:

"Bu qayda beynəlxalq tələblərə uyğun şəkildə tətbiq olunur. Onlayn şəkildə bilet alınarkən plastik kartın tələb edilməsi məcburi təhlükəsizlik qaydasıdır. Bu, kibertəhlükəsizlik baxımından bütün aviaşirkətlər və onlayn satışla məşğul olan şirkətlər tərəfindən tətbiq edilir. Çünki, plastik kart oğurlana bilər və bununla bilet almağa cəhd ola bilər. Əgər qeydiyyatdakı soyad və ad uyğun deyilsə, qeydiyyatda olan şəxsdən plastik kartın göstərilməsi tələb edilə bilər".

Qurum rəsmisi onlayn olaraq əldə edilən biletin nağd şəkildə alınan biletdən ucuz başa gəlib-gəlməməsi məsələsinə də aydınlıq gətirib:

"Onlayn alışa tələbat yüksəkdir. Onlayn və nağd şəkildə satış həyata keçirən turizm şirkətləri qiymətləri özləri təyin edirlər. Bu baxımdan da onlayn şəkildə alınan biletlə nağd olaraq əldə edilən bilet arasındakı konkret qiymət fərqini demək mümkün deyil. Ancaq istənilən halda onlayn şəkildə alınan bilet daha ucuz başa gəlir".

P.Kəsəmənski qeyd edib ki, Naxçıvana 5 iyundan etibarən həyata keçirilən onlayn bilet satışına komission xərclər daxil deyil:

"Sərnişinlər onlayn bileti 50 manata aldıqları kimi nağd şəkildə də eyni qiymətə ala bilərlər. Reysdə gecikmə sonuncu dəfə 3 gün əvvəl, hava şəraiti ilə bağlı olub".

AZAL-ın nümayəndəsi vurğulayıb ki, əgər sərnişin bir tərəfə uçuşu həyata keçirməyibsə, avtomatik olaraq onun qayıdışı da ləğv edilir:

"Bu, ikitərəfli biletlər üzrə dünyada qəbul olunmuş qaydadır. AZAL beynəlxalq uçuşları həyata keçirirsə, deməli, onun qaydaları da beynəlxalq səviyyədə olmalıdır. Bunu bizdən tələb edirlər. Naxçıvandan onlayn şəkildə bilet alanda həmin şəxslərə bu barədə əvvəlcədən xəbərdarlıq edilir ki, məsələni nəzərə alsınlar. Sərnişin hava limanına gələndə bu, onun üçün sürpriz olmamalıdır".

Qeyd edək ki, respublika daxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində aviabiletin qiyməti Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün 50 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

  • Əvvəlki

    8 bankda depozit qutusu yoxdur

Digər xəbərlər