“Aqrolizinq” ASC ödənişlərin qəbulunda yenilik edib

01.08.2018 İqtisadiyyat
Qurum avqustun 1-dən “AsanPay” ödəniş sisteminə inteqrasiya olunub.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti avqustun 1-dən "AsanPay" ödəniş sisteminə inteqrasiya olunub. Artıq şirkətin fəaliyyət növlərinə uyğun ödənişlərin ödənilməsi "AsanPay" ödəniş terminalı və elektron kartlar vasitəsi ilə "Asan Ödəniş" sistemi üzərindən aparıla bilər.

Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Kommersant.az"a bildiriblər ki, bunun üçün ödəyicilər asanpay.az saytında daxil olub Kredit/Lizinq bölməsində "Aqrolizinq" ASC bölməsini seçərək FİN kodunu yazmalı və öz şəxsiyyətini identifikasiya etməlidir. Daxil edilən məlumatlara uyğun sistemdən ödəyicinin öhdəliklərinə dair məlumatlar çağırılır və ödəniş edilməsi təklif olunur.

Bu gündən etibarən "Asan Ödəniş" sistemi ilə digər ödəniş sistemlərinin inteqrasiyası nəticəsində "E manat", "Milliön" , "Hesab.az" kimi ödəniş sistemlərindən və poçt məntəqələrindən ödəniş etmək mümkün olacaq.

"Aqrolizinq" ASC-nin "AsanPay sisteminə inteqrasiyasında əsas məqsəd vətəndaşlara lizinq xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.