USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft hasilatı artırmaq qərarından sonra düşür

07.07.2025 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 67,64 dollara satılır.

Cümə günü 68,53 dollara qədər bahalaşan Brent markalı neftin bir barelinin qiyməti bu səviyyədə qala bilməyib və günü 67,92 dollarla başa vurub.

“Brent” markalı neftin bir barelinin qiyməti bu gün saat 09:23-ə olan bağlanış qiyməti ilə müqayisədə təxminən 0,4 faiz azalaraq 67,64 dollar təşkil edib. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 65,42 dollardan alıcı tapıb.

Neft qiymətləri OPEC+ qrupunun avqust ayı üçün hasilatı gözlənildiyindən daha çox artırmaq qərarından sonra düşüb. ABŞ-ın tarifləri ilə bağlı qeyri-müəyyənlik və onların qlobal iqtisadi artıma mümkün təsiri tələb gözləntilərinə mənfi təsir göstərib.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqlərindən ibarət OPEC+ qrupu şənbə günü avqust ayında hasilatı gündəlik 548 min barel artırmaq qərarına gəldiyini açıqlayıb. Avqust ayı artımı OPEC+ tərəfindən may, iyun və iyul ayları üçün təsdiqlənmiş gündəlik 411,000 barel, apreldə isə 138,000 barel artımdan daha yüksək olacaq.

Mütəxəssislərin fikrincə, artım bazar payı üçün daha aqressiv rəqabət deməkdir. Bu qərarla OPEC-ə üzv səkkiz ölkə tərəfindən həyata keçirilən könüllü 2,2 milyon barellik hasilatın təxminən 80%-i bazara qaytarılacaq. Lakin planlaşdırılan hasilat artımı indiyədək tam reallaşdırılmayıb və tədarükün böyük hissəsi Səudiyyə Ərəbistanından gəlir.