USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2026-2027-ci illərdə qlobal inflyasiya səviyyəsi enməyə davam edəcək - BVF

19.01.2026 İqtisadiyyat
0 0
Qlobal inflyasiya səviyyəsinin aşağı düşməyə davam edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən, baza inflyasiya 2026-cı ildə 3,8 faiz, 2027-ci ildə isə 3,4 faiz təşkil edəcək.

Bu barədə Kommersant.az BVF-nin “World Economic Outlook 2026” hesabatının yanvar buraxılışına istinadən məlumat verir.

“Proqnozlar 2025-ci ilin oktyabr hesabatı ilə müqayisədə faktiki olaraq dəyişməz qalıb, bu arada, əsas tendensiyalar – tələbin zəifləməsi və enerji resurslarının qiymətlərinin enməsi - qorunur. ABŞ ilə digər ölkələrin əksəriyyəti arasında inflyasiya dinamikasındakı fərq isə davam edir”,-deyə sənəddə qeyd olunur.

BVF analitikləri bildirirlər ki, yüksək tariflərin təsirlərinin tədricən əks olunması fonunda ABŞ-da baza inflyasiya 2027-ci ildə yenidən hədəf səviyyə olan 2 faizə qayıdacaq.

“Avstraliya və Norveçdə də inflyasiyanın uzun müddət hədəf səviyyədən yuxarı qalacağı proqnozlaşdırılır. Böyük Britaniyada ötən il tənzimlənən tariflərdəki birdəfəlik dəyişikliklər səbəbindən inflyasiya artmışdı; lakin əmək bazarının zəifləməsi və əməkhaqqı artımının yavaşıması fonunda 2026-cı ilin sonuna doğru inflyasiyanın yenidən hədəf səviyyəyə qayıdacağı gözlənilir. Yaponiyada isə ərzaq və xammal qiymətlərinin azalması nəticəsində 2026-cı ildə inflyasiyanın yumşalacağı və 2027-ci ildə hədəf səviyyəyə yaxınlaşacağı proqnozlaşdırılır”, - deyə hesabatda bildirilir.

Avrozona üzrə ümumi inflyasiyanın təxminən 2 faiz səviyyəsində qalacağı, baza inflyasiyanın isə 2027-ci ildə 2 faiz olacağı gözlənilir.

“Çində inflyasiyanın aşağı səviyyələrdən başlayaraq artacağı, Hindistanda isə 2025-ci ildə ərzaq qiymətlərinin aşağı olması səbəbindən qeydə alınmış nəzərəçarpacaq enişdən sonra inflyasiyanın yenidən hədəf səviyyəyə qayıdacağı proqnozlaşdırılır”, - deyə BVF hesabatında qeyd olunur.