USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin 10 dollar bahalaşması Azərbaycana nə qədər qazandırır?

04.03.2026 İqtisadiyyat
0 0
Neftin qiymətinin təxminən 10%, qazın isə xüsusilə Avropa bazarında 40%-ə yaxın artması iqtisadi diqqət mərkəzindədir. Azərbaycanın qaz ixracının təxminən yarısının Avropaya yönəldiyini nəzərə alsaq, bu qiymət artımları ölkə iqtisadiyyatına və büdcə gəlirlərinə birbaşa təsir göstərə bilər. Ekspertlər bildirirlər ki, enerji qiymətlərinin yüksəlməsi həm dövlət gəlirlərini artırmaq, həm də enerji strategiyasının daha dayanıqlı və uzunmüddətli planlaşdırılmasına imkan yaradır.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, neft və qaz qiymətlərində artım enerji strategiyasına birbaşa təsir göstərməyəcək və büdcə gəlirlərinə də ciddi təsir etməyəcək. Lakin bu artımlar ölkənin ümumi sərvətinə əhəmiyyətli təsir göstərəcək:

"Çünki Azərbaycanda neft və qaz gəlirləri əsasən Neft Fondunda toplanır. Qiymət artımı nəticəsində fondun sərvəti, ölkəyə gələn neft-qaz dollarları artacaq, amma enerji strategiyasının özü dəyişməyəcək".

Ekspert bildirib ki, İran ətrafında baş verən hadisələr isə iqtisadi və inflyasiya baxımından ölkəyə müəyyən risklər yarada bilər:

"Bununla belə, müharibə şəraitində belə, neft və qazın qiymət artımı dövlət gəlirlərini artırır. Maliyyə Nazirliyinin hesablamalarına görə, illik ortalama neft qiymətinin 10 dollar yüksəlməsi ölkəyə təxminən 2,2 milyard manat əlavə vəsait gətirir. Bu vəsaitin 1,8 milyard manatı Neft Fonduna, 400 milyon manatı isə büdcəyə yönəlir. Yəni, ilin müddətində qiymət artımı büdcəyə əlavə gəlir olaraq 400 milyon manat təmin edə bilər. Burada söhbət yalnız illik orta qiymətlərdən gedir, gündəlik və ya aylıq dəyişikliklərdən deyil".