USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaxın Şərq turizmində "qara günlər": Müharibə hər gün bu qədər pul yeyir

11.03.2026 İqtisadiyyat
0 0
Yaxın Şərqdə genişlənən hərbi münaqişə bölgənin iqtisadiyyatına, xüsusilə də sürətlə inkişaf edən turizm sektoruna sarsıdıcı zərbə vurur.

Kommersant.az xəbər verir ki, "The Financial Times" (FT) qəzetinin Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatlarına istinadən yazdığına görə, regionun turizm sənayesi hər gün orta hesabla 600 milyon dollara qədər gəlir itirir. WTTC sədri Qloriya Gevara qeyd edib ki, hətta qısamüddətli fasilələr belə regionun turizm istiqamətləri, müəssisələri və bu sahədə çalışan milyonlarla insan üçün sürətli və əhəmiyyətli iqtisadi itkilərə yol açır.

Münaqişə başlamazdan əvvəl WTTC-nin proqnozları olduqca nikbin idi; 2026-cı ildə xarici turistlərin Yaxın Şərqdə təxminən 207 milyard dollar xərcləyəcəyi gözlənilirdi. Lakin fevralın sonundan etibarən başlayan ABŞ-İran gərginliyi və İsrailin Livan əməliyyatları vəziyyəti kökündən dəyişib.

Hazırda regionun əsas hava qovşaqları olan Dubay, Doha və Ər-Riyad hava limanlarında minlərlə uçuş ləğv edilib, otellərdəki rezervasiyalar kütləvi şəkildə geri çəkilir. Analitiklərin fikrincə, müharibənin davam edəcəyi hər gün təkcə birbaşa turizm gəlirlərini deyil, həm də minlərlə iş yerini və milyardlarla dollarlıq investisiya layihələrini təhlükə altına qoyur.

Xüsusilə Qırmızı dəniz və Aralıq dənizi sahillərindəki kurort zonaları, eləcə də dini turizm mərkəzləri ən çox zərər çəkən sahələr sırasındadır.