"Xəstə kartof" geri qaytarılır - RƏSMİ AÇIQLAMA

01.10.2018 İqtisadiyyat
"Yerli kartof İrandan Azərbaycana gətirilən kartofla rəqabət apara bilmir".

Bunu "Kommersant.az"a açıqlamasında aqrar sahə üzrə ekspert Nicat Nəsirli bildirib. Onun sözlərinə görə, İrandan gətirilən kartof yerli məhsulla müqayisədə ucuz qiymətə təklif edilir:

"Ölkədə illik olaraq 743 min ton kartof istehsalı qeydə alınıb. Lakin orta hesabla 980 min ton kartofa ehtiyac var. Deməli, illik 160 min ton kartofun idxalına tələbat yaranır (təqribən 33 milyon dollar). Bu, artıq ənənəvi hal alıb. Kartof idxalında İran Azərbaycan üçün dominant rol oynayır. İran Rusiya bazarında bir sıra istiqamətlərdə Azərbaycan üçün ciddi rəqibdir (kartof, pomidor). Ölkə son zamanlar istixana biznesinə ciddi investisiya yatırır. Məhsulların ixracı isə Rusiya bazarına hesablanır".

Ekspert qeyd edib ki, Azərbaycanın kartof bazarını 7 ölkə formalaşdırır:

"İran (ildə 50 min ton), Rusiya (43 min ton), Gürcüstan (40 min ton), Türkiyə (16 min ton). Digər yerləri isə Belarusiya, Ukrayna və Pakistan bölüşür. Azərbaycana gətirilən kartofun qiyməti 5-6 qəpik civarındadır. Yerli kartofun maya dəyəri isə 42 qəpiyə başa gəlir. Səbəblərə gəldikdə, İranın istehsal həcmi çox böyükdür. Ölkə əkinə yararlı torpaq resursları ilə zəngindir. İstehsal çox olduğundan, məhsulun maya dəyəri də ucuz başa gəlir. İrandan kartofun alınıb Azərbaycan bazarına çıxarılması 31 qəpiyə başa gəlir. Azərbaycana kartof gətirən insanların sözlərinə görə, İranda kartof, əsasən, texniki xarakterli əkilir (hətta bəzi heyvandarlıq məhsullarının emalında istifadə olunur)".

Xatırladaq ki, Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılıb. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. Dəyişikliklə ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsi iki dəfə artırılaraq 15%-dən 30%-ə çatdırılıb. Bu, hər il yanvarın 1-dən iyunun 30-dək idxal olunan kartofa aiddir.

Ölkəyə gətirilən kartof hansı təhlillərdən keçirilir?

Qida Təhlükəsizliyi Agentliyindən "Kommersant.az"ın sorğusuna cavab olaraq bildiriblər ki, xarici ölkələrdən idxal olunan bütün yeyinti məhsulları Nazirlər Kabinetinin 16 iyul 2018-ci il 302 nömrəli qərarında göstərilən qaydalara uyğun olaraq ekspertizadan keçirilir:

"Ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən yeyinti məhsullarından nümunələr götürülür və "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır".

Agentikdən eyni zamanda qeyd ediblər ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri həyata keçirilir:

"Bu tədbirlər çərçivəsində "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Sentyabr ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən İran İslam Respublikasından ölkəyə fitosanitar sertifikatla idxal olunan və hər biri 24700 kq tutuma malik üç yük avtomobilində olan kartof məhsulundan götürülən nümunələrdə zərərli orqanizmlərin olduğu aşkar edilib. Aşkar edilmiş karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq Agentlik tərəfindən kartof məhsulunun İran İslam Respublikasına qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib".