“Caspian Oil & Gas” sərgi və konfransında 312 neft-qaz şirkəti iştirak edəcək

24.05.2018 Energetika
29 may - 1 iyun tarixlərində Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri - Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edəcək.

"Kommersant.Az" xəbər verir ki, “İteca-Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov sərgi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, sərgidə 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edəcək.

Belarus, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunurlar. Builki sərginin tərkibi tədbir iştirakçılarının 20%-ni təşkil edən yeni şirkətlər sayəsində daha da genişlənib. Həmçinin sərgi iştirakçılarının 30%-ni təşkil edən yerli şirkətlər arasında da debütantlar var.

Bu il konfransda aparıcı şirkətlərin 500-dən çox ali rəhbərləri, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssisləri bir arada toplanacaqlar və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlər xüsusunda fikir mübadiləsi aparacaqlar.

Sərginin işgüzar proqramını müşayiət edən və mayın 30-31-də keçiriləcək Beynəlxalq “Caspian Oil & Gas” konfransı builki tədbirin mühüm bir hissəsini təşkil edir. Regionda neft-qaz sənayesinin əsas tədbiri olan konfrans, hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir. “Caspian Oil & Gas” layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən mühüm dəstək göstərilir. Konfransın təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Konfransda “Neft və qaz sənayesində qlobal və iqtisadi perspektivlər - neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar”, “Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz əməliyyatları: keçmişi, bu günü və gələcəyi. Azərbaycan neft və qaz sənayesi üçün yeni impuls”, “Neft və qaz layihələrinin maliyyələşdirilməsi və yatırılan investisiyalar müqabilində xalis gəlirin təmin edilməsi - iddialar və imkanlar”, “Yerli geoloji kəşfiyyatda əldə olunan yeniliklər, perspektivlər”, “Hasilatda olan yeniliklər”, “Energetika təhlükəsizliyi”, “Neft qaz elmində olan yeniliklər, beynəlxalq əməkdaşlıq”, “Xəzəryanı layihələr üzrə yeni imkanlar”, “Xəzər regionu üzrə Azərbaycanın güclü tərəfləri: dəmir yolu, dəniz nəqliyyatı və magistral boru kəməri”, “Ekoloji və sənaye təhlükəsizliyi sahəsində qabaqcıl texnologiyalar. Konkret faktların təhlili”, “Neft emalı və neft-kimya sənayesinin perspektivləri. Cari vəziyyət və gələcək perspektivlər”, “Neft emalı və neft-kimya sənayesi üçün texniki xidmət əməliyyatlarının əhəmiyyəti. Konkret faktların təhlili”, “İnqilabi dəyişiklər. İnnovativ rəqəmsal texnologiyaların sənayeyə olan təsiri” adlı mövzuları müzakirə olunacaq.

Tədbirin statusunu həm də konfrans sponsorlarının tərkibi təsdiqləyir, belə ki, konfransın Platin sponsoru qismində SOCAR çıxış edir. Konfransın Qızıl Sponsorlar qismində BP, “Petronas”, “Statiol”, Gümüş Sponsorlar - “Inpex”, “McDermott”, Bürünc Sponsorlar – EGS, EY, “Dentons”, “Lamor Corporation”, “Nobel Upstream”, SOCAR AQS, “Total”, “Turkish Petroleum” çıxış edirlər.