TAP Albaniyada 19 çay keçidində işləri yekunlaşdırıb

28.06.2018 Energetika
Trans Adriatik Boru Kəməri (TAP) konsorsiumu Albaniyada 19 çay keçidində işləri yekunlaşdırıb.

"Kommersant" xəbər verir ki, bu barədə TAP məlumat yayıb.

Boru kəməri 15 metr dərinliyə qədər çay yatağından keçib ki, bu da fauna və floraya mənfi təsiri aradan qaldırır.

TAP kəməri Albaniyada Seman və Osumu çaylarından bir neçə dəfə keçib. Belə ki, 281 km uzunluqdakı Seman çayından iki dəfə, 161 km uzunluqdakı Osumi çayından isə 12 dəfə boru keçib. Ən uzun boru keçidi Çorovoda şəhərinin yaxınlığında Osumi çayından baş tutub.

TAP Osumi çayında ən uzun və mürəkkəb beş keçid üçün mikro-tunel texnologiyasından istifadə edib. Seman çayından iki keçid üçün isə Horizontal istiqamətli qazmadan istfadə olunub.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.