Bu sayta giriş bağlanıb

29.07.2019 İKT
Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmət ("Roskomnadzor”) RF ərazisində Azərbaycanın Media.Az informasiya portalına girişi bağlayıb.

"Kommersant.az" xəbər verir ki, son 10 gün ərzində Media.Az-ın poçtuna daxil olmuş çoxsaylı müraciətlər sayəsində məlum olub ki, "Roskomnadzor” Azərbaycan portalını Rusiya ərazisində yayılması "etibarsız” sayılan saytların "qara siyahı”sına salıb.

Rusiyada yaşayan və müvəqqəti qalan, Azərbaycanda, regionda və dünyada baş verən hadisələri Media.Az vasitəsilə xəbər tutmağa öyrəşmiş insanlar portalın rəhbərliyinə bunun səbəbləri barədə çoxsaylı suallar ünvanlayıblar.

"Oxucularımızın harada yaşamasından asılı olmayaraq, dərc etdiyimiz analitik materiallara, müsahibələrə və xəbərlərə fəal münasibət bildirmələrinə çoxdan öyrəşmişik. Bu cür diqqət bizi geniş oxucu kütləsinin arzularına daha diqqətlə yanaşmağımıza sövq edir. Buna görə də Rusiya ərazisində olan oxucuların Media.Az-ın məqalələrinin əlçatan olmaması ilə bağlı redaksiyanın ünvanına daxil olan müraciətlərindən çox məyus olduq”, - Media.Az-dakı həmkarlarımız Oxu.Az-a bildiriblər.

Bununla əlaqədar olaraq, Media.Az-ın redaksiya poçtu diqqətlə öyrənilib, nəticədə "spam” qovluğuna düşmüş məktublar arasında "Roskomnadzor”un 19 iyul 2019-cu il tarixli məktubu aşkarlanıb. Sözügedən məktubun məzmunu aşağıdakı kimidir:

"İnternet şəbəkəsində saytın səhifəsinin (səhifələrinin) aşağıdakı işarəsinin (işarələrinin) "İnternet şəbəkəsində domen adlarının, sayt səhifələrinin işarələrinin və internet şəbəkəsində Rusiya Federasiyasında yayılması qadağan edilmiş informasiyadan ibarət saytları eyniləşdirməyə imkan verən şəbəkə ünvanlarının vahid reyestri”nə daxil edilməsi haqqında bildiriş göndərilir:

https://media.az/society/1067709675#ep27180”

Bu məlumat Media.Az redaksiyasında təəccüb doğurub. "Bir il əvvəl, 2018-ci il iyulun 27-də dərc edilmiş və özünə qəsd etmək qərarına gəlmiş 26 yaşlı oğlan haqqında bəhs edən "Xırdalanda intiharın təfərrüatları” sərlövhəli məqaləyə görə bizi "Roskomnadzor”un "qara siyahı”sına salmaları daha çox təəccübləndirdi. 27 iyul 2018-ci il tarixində dərc edilmiş məhz bu məlumata istinad Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətinin bildiriş məktubunda yer alır” , - Media.Az-dan deyiblər.

Oxu.Az baş vermiş hadisəni araşdırmaq məqsədilə Azərbaycanın bəzi dövlət qurumlarını, o cümlədən, Xarici İşlər Nazirliyini (XİN) Media.Az-ın "Roskomnadzor” tərəfindən bloka alındığı barədə məlumatlandırıb.

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın Rusiyadakı səfirliyi hadisədən artıq xəbərdardır:

"Mən Moskvadakı diplomatik missiyaya iş qaydasına uyğun olaraq məlumat vermişəm”.

Onun sözlərinə görə, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı cavab verib ki, ötən il Azərbaycanın digər internet portalı ilə oxşar vəziyyət yaranmışdı, lakin yekunda məsələni müsbət həll etmək mümkün olmuşdu və sayt "Roskomnadzor”un "qara siyahı”sından çıxarılmışdı.

L.Abdullayeva vurğulayıb ki, Media.Az redaksiyasının "Roskomnadzor”la şəxsən birbaşa əlaqə saxlamaq haqqı var:

"Əlbəttə ki, ehtiyac olarsa, sonradan onların ünvanına Azərbaycanın dövlət strukturları tərəfindən məktub göndərmək olar”.

Qeyd edək ki, Media.Az Dağlıq Qarabağ mövzusunda rusiyalı ekspertlər daxil olmaqla, müxtəlif əcnəbi ekspertlərlə mütəmadi müsahibələr dərc edir. Bu da təbii olaraq həm Yerevanın, həm də Rusiyada öz imkanları ilə tanınan erməni diasporunun xoşuna gəlmir. Media.Az redaksiyası RF ərazisində saytın bloklanmasının əsl səbəblərini məhz bununla əlaqələndirir.