USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta şikayətlərinə baxılmasına dair yeni təlimat hazırlanıb

31.05.2018 Bank
0 0
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Hüquq komitəsinin görüşü keçirilib. Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli və Birliyin digər nümayəndələri, həmçinin, Hüquq komitəsinin üzvü olan şirkətlərin nümayəndələri iştirak edib.

ASA-nın yaydığı məlumata görə, görüşdə "Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları" və "Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat" layihələrinə baxılıb. Layihələr komitə üzvləri tərəfindən geniş şəkildə müzakirə edilib. Layihələrdə sığortaçılar üçün əhəmiyyətli hesab olunan məqamlar vurğulanıb, eləcə də, buradakı mübahisəli məsələlərlə bağlı əlavə və dəyişiklik təklif edilib.

"Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları" və "Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat" layihələrinə Hüquq komitəsi tərəfindən verilmiş rəyin Birlik adından müvafiq orqana göndərilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Birliyin Hüquq komitəsi "Atəşgah Sığorta" ASC, "Paşa Sığorta" ASC, "Paşa Həyat Sığorta" ASC, "AzRe Təkrarsığorta" ASC, "Qala Həyat Sığorta" ASC, "Meqa Sığorta" ASC, "Xalq Sığorta" ASC, "AtaSığorta" ASC və "AzSığorta" ASC-nin nümayəndələrindən ibarətdir və komitə sədri "Atəşgah Sığorta" şirkətinin Hüquqi təminat şöbəsinin müdiri Səbuhi Mikayılovdur.