USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcbari tibbi sığorta haqları müəyyənləşib - FƏRMAN

24.12.2019 Bank
0 0
İcbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib.

"Kommersant.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qaununa əsasən, icbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:

Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər– dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat;

- muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;

- Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə – minimum aylıq əməkhaqqının 4 faizi;

- mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;

- Qeyd edilənlərdən başqa digər sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 48 faizi;

- Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;

- vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı.

- Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslə üçün müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə istehlak qiymətləri indeksinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.